RED: əlavəsi: Son üç abzasa əlavə olunub
Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
Bakıda keçirilən Avropa çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaq. Trend-in məlumatına görə, yarışların ikinci günü çəkisi 60 kq, 74 kq və 96 kq olan güləşçilər xalça üzərinə çıxacaqlar. Bu çəkilərdə Azərbaycanı Hacı Əliyev, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumov təmsil edəcəklər.
60 kq çəki dərəcəsində Hacı Əliyev 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. O, ilk görüşdə almaniyalı Tim Sleyçerlə güləşəcək. Həmyerlimiz növbəti mərhələyə yüksələcəyi halda, Andrejs Vasilyevs (Latviya) və Andrey Perpelita (Moldova) cütünün qalibi ilə döyüşəcək.
74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev mübarizə aparacaq. Təmsilçimiz birinci döyüşdə Ukrayna millisinin şərəfini qoruyan gürcü Giya Çixladzeni sınağa çəkəcək. Rəqibin zəif nöqtələrini tapdıqdan sonra özünün şah fəndlərini işlədəcək dağıstanlı legionerimiz 1/4 finala yüksələcəyi halda, Marius Atofani (Rumıniya) və Oleq Motsalın (Yunanıstan) cütünün güclüsünü döşəyə dəvət edəcək.
96 kq çəkidə qüvvəsini sınayacaq Xetaq Qazyumov titulunu qorumaq üçün döşəyə çıxacaq. Son Avropa Çempionatında bütün rəqiblərinə başağrısı olan güləşçimız ötən il dünya kubokunun qızıl medalını da qazanıb.
Qazyumov öncə İmants Laqodskisi (Latviya) yarışdan kənarlaşdırmalıdır. İkinci qarşılaşmada isə həmyerlimizi Radoslav Baran (Polşa) və Jozef Jaloviar (Slovakiya) cütünün qalibi gözləyəcək.
Avropa çempionatının ilk günündə milli komandamız 2 qızıl, 1 gümüş medal qazanıb.
Hacı Əliyev ilk görüşündə qələbə qazanaraq ¼ finala vəsiqə qazanıb. Həmyerlimiz növbəti mərhələdə rəqibi Andrey Perpelita (Moldova) ilə döyüşəcək.
Təmsilçimiz Çamsulvarayev birinci döyüşdə Ukrayna millisinin şərəfini qoruyan gürcü Giya Çixladzeni sınağa çəkib. Rəqibin zəif nöqtələrini tapdıqdan sonra özünün şah fəndlərini işlədən dağıstanlı legionerimiz ilk hissədə 5:0 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də üstünlük onun tərəfində olub. Çamsulvarayev bu dəfə Ukrayna təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Həmyerlimizin növbəti mərhələdə rəqibi Oleq Motsalın (Yunanıstan) olacaq.
Birinci hissədə 5:0 hesabi ilə rəqibinə qalib gələn Qazyumov isə ikinci hissədə Laqodskisi 4:0 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada həmyerlimiz Radoslav Baranla (Polşa) qurşaq tutacaq.
Əliyev növbəti mərhələdə Andrey Perpelita (Moldova) ilə güləşib. İlk hissədə pəhləvanımız sonda 4:5 hesabı ilə uduzub. O, ikinci hissədə hesabı bərabərləşdirsə də, bu uğurun davamını gətirə bilməyib. Üçüncü hissədə qələbə qazanan rəqib yarımfinala yüksəlib. Andrey Perpelita finala kimi irəliləyəcəyi halda, Əliyev təsəlliverici görüşlərə qatılacaq.
Çamsulvarayev növbəti mərhələdə rəqibi Oleq Motsalın (Yunanıstan) olub. Uğurlu çıxış edən həmyerlimiz rəqibinə çətin anlar yaşadıb. Açıq-aşkar yunandan üstün olan Çamsulvarayev qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinalda isə idmançımız bolqarıstanlı pəhləvana uduzaraq, qızıl medal qazanmaq şansını itirib.
Qazyumov ikinci qarşılaşmada Radoslav Baranla (Polşa) qurşaq tutub. İlk hissədə polşalıya 7:0 hesabı ilə qalib gələn Avropa çempionumuz ikinci hissədə də rəqibinə xal verməyib - 1:0.
Yarımfinala yüksələn Xetaq bu mərhələdə belaruslu Aleksey Dubkonun da gücünü yoxlayıb. Maraqlıdır ki, güləşçimiz üçüncü görüşündə də rəqibə xal verməyib. İlk hissədə 4:0 hesabı ilə Dubkonu məğlub edən idmançımız növbəti hissədə 3:0 hesabı ilə qələbə qazanıb. Həlledici mərhələdə Qazyumovun rəqibi gürcü Georgi Qoqşelidze olacaq.