Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan islahatlara əhalinin münasibətini müəyyən etmək məqsədilə sorğu aparılacaq.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsini ədliyyə və məhkəmə sistemində aparılan islahatlara ayrılan hissəsinə əhalinin münasibətini müəyyən etmək məqsədilə bazis tipli ilkin sorğunun aparılması nəzərdə tutulur.
Sorğu zamanı ictimaiyyətin, məhkəmə istifadəçilərinin, ekspertlərin fikirləri və düşüncələri qiymətləndiriləcək, ədliyyə və məhkəmə sisteminin fəaliyyəti, xüsusilə onun səmərəliliyi (qərarların qəbuledilmə sürəti, ədalətlilik, məhkəmə qərarlarının icrası və s.), şəffaflıq, ədliyyə və məhkəmə işçilərinin peşəkarlıq səviyyəsi və ədliyyə sistemində aparılan cari islahatlar və əldə olunmuş nailiyyətlər barədə əhalinin münasibəti öyrəniləcək.
Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək, imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər.
Məsləhətçi şirkət müqavilənin icrası müddətində Bakı şəhərində və regionlarda sorğu aparmaq üçün lazımi sayda işçi heyətinə, Azərbaycanda ictimai rəy sorğularının aparılması sahəsində ən azı 3 il, 2000 və ya daha artıq respondentin iştirakı ilə kəmiyyət sorğularının aparılmasında təcrübəyə malik olmalı və tələb edilən coğrafi ərazini əhatə edə bilməlidir.
Seçim zamanı beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olanlara üstünlük veriləcək.
Məhkəmə və ədliyyə sisteminin fəaliyyəti haqqında biliklərə malik mütəxəssislərin işçi qrupda iştirakı tövsiyə edilir.