...

Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2010 17:56 (UTC +04:00)
Aprelin 15-də səhər saat 04:00 radələrində dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib.
Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Aprelin 15-də səhər saat 04:00 radələrində dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib.

Aktyorun evində təşkil olunan vida mərasimində Azərbaycanın çoxsaylı mədəniyyət, incəsənət və teatr xadimləri, eləcə də sadə insanlar iştirak ediblər.

Azərbaycanın xalq artisti Telman Adıgözəlov aprelin 15-də səhərə yaxın infarktdan 57 yaşında vəfat edib.

Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris!.. Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti", 2006-cı ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti