...

Azərbaycan Parlamentinin deputatlarının əksəriyyəti futbol üzrə 2010-cu il Dünya Çempionatının favoriti kimi Braziliya yığmasını görür

Cəmiyyət Materials 17 May 2010 14:47 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatlarının əksəriyyəti 2010-cu il Dünya Çempionatının favoriti kimi Braziliya yığmasını görürlər.
Azərbaycan Parlamentinin deputatlarının əksəriyyəti futbol üzrə 2010-cu il Dünya Çempionatının favoriti kimi Braziliya yığmasını görür

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatlarının əksəriyyəti 2010-cu il Dünya Çempionatının favoriti kimi Braziliya yığmasını görürlər.

"Ən çox azarkeşlik etdiyim komanda Türkiyə yığmasıdır, amma təəssüf ki, qardaş ölkənin millisi bu çempiontda iştirak etmir. Ona görə Dünya Çempionatında Braziliyaya azarkeşlik edəcəyəm və düşünürəm, bu komandanın qalib olmaq şansları yüksəkdir", - bazar ertəsi Trend-ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Avropa qitəsini təmsil edən Hollandiya və İngiltərə yığma komandalarına da rəğbəti var. "Amma istərdim, bu dəfə Dünya Çempionatının qalibi adını Cənubi Amerikanı təmsil edən Braziliya qazansın", - millət vəkili əlavə edib.

Ağamalı deyib ki, İspaniya dünya kubokuna sahib olarsa, bu, onun üçün sürpriz sayıla bilər.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov da Avropa və dünya çempionatlarında bir qayda olaraq, Türkiyə yığmasına azarkeşlik etdiyini bildirib.

"Qardaş ölkə bu çempionatda çıxış etməyəcək. Bu səbəbdən, yenə Avropa millilərindən birinin oyununu izləyəcəyəm və istərdim, qalib də bu qitənin komandalarından biri olsun", - deyə Novruzov Trend-ə bildirib.

Uşaqlıqdan futbol oyunlarına azarkeşlik etdiyini xatırladan millət vəkili Gültəkin Hacıbəyli də Türkiyənin bu mundialda olmamasına heyfsilənir.

"Cənubi Afrikada keçiriləcək Dünya Çempionatında Almaniyaya azarkeşlik edəcəyəm və favorit də onları hesab edirəm", - Hacıbəyli Trend-ə deyib.

"Mən yaxşı futbol oynayan hər bir komandaya azarkeşlik edə bilərəm. Amma bu çempionatın favoriti Braziliyanı hesab edirəm. Bununla belə, braziliyalıların çempion olacağını deyə bilmərəm", - millət vəkili Yevda Avramov Trend-ə bildirib.

Onun fikrincə, Avropa qitəsini təmsil edən İngiltərə yığması da bu çempionatın ən güclü komandalarından biridir.

"Sürpriz komandaya gəldikdə, heç bir ölkənin yığmasının adını çəkə bilmərəm. Amma qeyd etmək istərdim ki, ötən Avropa Çempionatında Türkiyə sürpiz etməyi bacardı", - Avramov deyib.

Son vaxtlar Avropa və dünya çempionatlarını ardıcıl izləyə bilməyən millət vəkili Fuad Muradovun azarkeşlik etdiyi üç komnda var.

"Bunlar Braziliya, Almaniya və İtaliya yığmalarıdır. Cənubi Afrikada keçiriləcək çempionatda isə Braziliyanın qalıb olcağına daha çox inanıram", - millət vəkili əlavə edib.

Deputat Azay Quliyev Trend-ə Braziliya və İspaniyanı favorit hesab etdiyini açıqlayıb.

"Mən budəfəki Dünya Çempionatında Braziliya və İspaniyanı əsas favoritlər hesab edirəm, düşünürəmi, gücləri də təxminən bərabərdir", - millət vəkili Azay Quliyev bildirib.

Onun fikrincə, Braziliyanın çempionatın qalibi olmaq şansı 51, İspaniya millisininki isə 49 faizdir.

"Mən bir qayda olaraq, bu cür turnirlərdə İtaliya millisinə azarkeşlik edirəm. Çünki bu komandanın oyun üslubu digərlərindən fərqlənir", - Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Türkiyənin iştirak etməyəcəyi çempionatda hansısa komandanın sürpriz edəcəyini gözləmək olmaz.

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində 2010-cu il Dünya Çempionatının final mərhələsində 32 milli komanda 8 qrupda yer alıb. Mərasimdən öncə bu yığmalar gücünə və zonasına görə, 4 səbətə bölüşdürülüb.


A qrupu
1. CAR
2. Meksika
3. Uruqvay
4. Fransa

B qrupu
1. Argentina
2. Nigeriya
3. Cənubi Koreya
4. Yunanıstan

C qrupu
1. İngiltərə
2. ABŞ
3. Əlcəzair
4. Sloveniya

D qrupu
1. Almaniya
2. Avstraliya
3. Serbiya
4. Qana

E qrupu
1. Hollandiya
2. Danimarka
3. Yaponiya
4. Kamerun

F qrupu
1. İtaliya
2. Paraqvay
3. Yeni Zelandiya
4. Slovakiya

G qrupu
1. Braziliya
2. KXDR
3. Kot d`İvuar
4. Portuqaliya

H qrupu
1. İspaniya
2. İsveçrə
3. Honduras
4. Çili

Dünya Çempionatı 11 iyun - 11 iyul aralığında gerçəkləşəcək. Mundialın açılış oyunu CAR və Meksika arasında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti