...

Azərbaycanda insan hüquqları aylığına start verilib

Cəmiyyət Materials 19 May 2010 12:44 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən insan hüquqları aylığı başlayıb.
Azərbaycanda insan hüquqları aylığına start verilib

Azərbaycan, Bakı, 19 may / Trend , A.Hüseynbala/

Azərbaycan ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən insan hüquqları aylığı başlayıb.

"Azərbaycanın hər yerində mayın 18-dən iyunun 18-dək davam edəcək aylığın məqsədi insan hüquqları sahəsində qazanılan nailiyyətləri və qarşıya çıxan problemlərin həlli yollarını müəyyənləşdirməkdir", - çərşənbə günü TrendOmbudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Aylıq çərçivəsində də əhəmiyyətli silsilə tədbirlər keçiriləcək.

"İnsan hüquqları ilə bağlı qurumlar, habelə dövlət orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və digər aidiyyəti təşkilatlar ötən il ərzində fəaliyyətlərində olan irəliləyişlər və problemlər üzrə müxtəlif tədbirlər və müzakirələr təşkil edəcək, aylıq çərçivəsində keçirilən tədbirlər haqqında məlumatı, habelə insan hüquqlarının daha səmərəli müdafiəsi və təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər", - məlumatda vurğulanır.

Bir ay ərzində İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) tətbiqi üzrə müvafiq maarifləndirmə tədbirlərinin təşkili də nəzərdə tutulub: "Bölgələrdə vətəndaşların insan hüquqları üzrə maarifləndirilməsi işi də intensiv davam etdiriləcək, əhalinin müxtəlif kateqoriyalarının, icmaların nümayəndələri bu tədbirlərə cəlb ediləcək. "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda ombudsmanların VIII beynəlxalq Bakı konfransı aylığın ən mühüm yekun tədbiri olacaq. İyunun 17-19-da Azərbaycanda İnsan Hüquqları günü və "Ekologiya ili" münasibətilə YUNESKO-nun dəstəyi ilə keçiriləcək bu mötəbər toplantıda müxtəlif ölkələrin ombudsmanları, beynəlxalq təşkilatların nümayəndələri, habelə ekologiya və insan hüquqları sahəsində ekspertlər iştirak edəcək, fikir mübadiləsi aparacaqlar", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti