...

Azərbaycan-Qətər münasibətləri tarixində ilk dəfə olaraq Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib

Cəmiyyət Materials 4 İyun 2010 16:20 (UTC +04:00)
Azərbaycan-Qətər münasibətləri tarixində ilk dəfə olaraq Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
Azərbaycan-Qətər münasibətləri tarixində ilk dəfə olaraq Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Qətər münasibətləri tarixində ilk dəfə olaraq Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Mədəniyyət Günləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iyunun 1-4-də Qətərə rəsmi səfəri çərçivəsində keçirilib. Bu barədə Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Qarayev səfər zamanı Qətərin bir sıra rəsmi şəxsləri, o cümlədən mədəniyyət, incəsənət və irs naziri Həmid bin Əbdüləziz əl-Kəvari və Muzeylər Birliyinin rəhbərliyi ilə görüşlər keçirib, daha sonra "əl-Cəzirə" telekanalına baş çəkib.

Azərbaycan Mədəniyyəti Günləri məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə açılıb. Açılış mərasimində hər iki ölkənin mədəniyyət nazirləri iştirak edib.

Əl-Kəvari öz çıxışında Azərbaycan Mədəniyyəti Günlərinin 2010-cu ildə ərəb mədəniyyətinin paytaxtı elan edilən Dohada keçirilməsinin əhəmiyyətini qeyd edib. O deyib ki, iki ölkənin xüsusi münasibətləri və yaxınlığı nəzərə alınmaqla, Azərbaycan Mədəniyyəti Günlərinin məhz bu il keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Qətər nazirinin sözlərinə görə, bu il bir çox ölkələrdə mədəniyyət günləri keçirilib, lakin Azərbaycanla təşkil olunmuş tədbir qətərli tamaşaçılara daha çox xoş gələn xüsusi keyfiyyəti və proqramı ilə fərqlənir.

Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan Parlamentinin deputatları, diplomatik korpusun, KİV və Qətərdəki Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

İkinci gün qədim musiqi alətləri ansamblının konserti və rəqs qruplarının çıxışları olub. Səfirliyin məlumatında deyilir ki, Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın tətbiqi sənət əsərlərinin, xalça və qədim alətlərinin sərgiləri keçiirlib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra muzeylərə, o cümlədən İslam irsinin ən yaxşı ekspozisiyaları ilə şöhrət qazanmış Qətərin İslam İrsi Tarixi Muzeyinə, eləcə də Silah Muzeyinə baş çəkib.

Ötən il iyunun 6-11-də Bakıda Qətər Mədəniyyəti Günləri keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti