Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir T.Hacıyev/
Gələn il Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun büdcəsi 10 milyon manatadək artırılacaq, - Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə fondun rəhbəri, millət vəkili Azay Quliyev bildirib.
"Maliyyə vəsaitinin artırılması ilə bağlı Maliyyə Nazirliyinə müraciət edilib. Bu gün çoxsaylı təşəbbüslər, maraqlı ideyalar təklif olunur. Təəssüflər ki, onların hamısını maliyyələşdirə bilmirik. Ayrılan maliyyə vəsaiti kifayət etmir. Ona görə düşünürəm, maliyyə vəsaiti artırılmalıdır", - Quliyev deyib.
Deputatın sözlərinə görə, əsas odur ki, dövlətin QHT-lərə yardım etmək siyasəti prosesi başlanıb.
"Siyasi baxışları, dünyagörüşü, iqtidar və ya müxalifətə münasibətinə məhəl qoyulmadan ictimai layihələrin dəstəklənməsi mühüm hadisədir. Azərbaycan iqtisadiyyatı imkan verir ki, büdcə növbəti ildə bir neçə dəfə artırılsın", - Quliyev qeyd edib.