Azərbaycan, Bakı, 29 iyun /Trend/
"Azərikimya" İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Ü.Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət sarayında dünyanın məşhur detektiv yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Tədbirə yazıçının kimyaçılarla yanaşı, şəhərin müxtəlif təbəqələrindən olan yüzlərlə pərəstişkarı - həkimlər, müəllimlər, inşaatçılar, hüquq-mühafizə orqanları işçiləri, tələbələr də toplaşıblar. Bu barədə "Azərikimya" İB-nin mətbuat xidmətinin məlumatında deyilir. keçirilən tədbir
Çingiz Abdullayev "Azərbaycanın xalq yazıçısı" fəxri adını daşısa da, o, siyasi detektiv janrının mahir ustası, dünyanın 27 dilinə tərcümə edilərək, 30-dan artıq ölkədə nəşr olunmuş 140 roman və povestin müəllifi kimi bütün dünya tərəfindən maraqla oxunan beynəlxalq "statuslu" yazıçıdır. Təsadüfi deyil ki, hər il oxucularda hədsiz maraq doğuran yeni-yeni əsəri ilə onların görüşünə gələn, millətindən asılı olmayaraq bütün xalqlar tərəfindən eyni dərəcədə sevilən, böyük həvəslə mütaliə olunan yazıçının kitablarının ümumi tirajı artıq çoxdan 25 milyonu keçib.
Hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, 2003-cü ildən Beynəlxalq Ədəbiyyat Fondunun sədri, bir çox respublika və nüfuzlu beynəlxalq mükafatların laureatı olan Çingiz Abdullayev son illər daha məhsuldar işləyir və demək olar ki, hər həftə, hər 10 gündən bir dünyanın müxtəlif yerlərində onun yeni-yeni əsərləri nəşr olunur.
"Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi kimyaçılarla, bütünlükdə sumqayıtlı oxucularla görüşə gəldiyinə görə yazıçıya minnətdarlığını bildirib, ona xatirə hədiyyəsi olaraq "Kimyaçı" Mədəniyyət sarayıının gənc xalçaçıları tərəfindən xüsusi olaraq toxunmuş kiçik suvenir-xalça bağışlayıb.