...

Azərbaycanda orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən başlayacaq

Cəmiyyət Materials 2 İyul 2010 11:28 (UTC +04:00)
Azərbaycanda orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən başlayacaq
Azərbaycanda orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən başlayacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M. Əliyev/

Azərbaycanda orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-dən başlayacaq. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılacaq.

"Abituriyentlər qeyd olunan müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2010) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçir və iş nömrəsi ilə şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə, "Abituriyentin elektron ərizəsi" formasına daxil olaraq onu dolduracaqlar", - məlumatda bildirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər, ilk növbədə, ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.

YQYK-lərin fəaliyyəti Bakı şəhərində - Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunur. Yoxlamanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti