...

Rusiyadan Azərbaycana avtoyürüş təşkil olunacaq (YENİLƏNİB)

Cəmiyyət Materials 15 İyul 2010 17:59 (UTC +04:00)
Rusiya Azərbaycan Gənclər Təşkilatı, "Naviqator" və "Otkrıtaya zemlya" klubları Böyük Vətən Müharibəsinin 65-ci ildönümü ilə bağlı avtoyürüş təşkil edəcəklər.
Rusiyadan Azərbaycana avtoyürüş təşkil olunacaq (YENİLƏNİB)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Rusiya Azərbaycan Gənclər Təşkilatı, "Naviqator" və "Otkrıtaya zemlya" klubları Böyük Vətən Müharibəsinin 65-ci ildönümü ilə bağlı avtoyürüş təşkil edəcəklər. Bu barədə təşkilatın məlumatında deyilir.

"Rusiya-Azərbaycan dostluğu avtoyürüşü" adlı yarışma iyulun 16-da saat 06:00-da Sankt-Peterburqda başlayacaq və Moskva, Novoçerkassk, Rostov-na-Donu, Budyonovsk, Mahaçqala, Bakı və Mingəçevir şəhərlərindən keçəcək.

Avtoyürüş Sankt-Peterburq şəhərinin administrasiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə keçiriləcək.

Yürüş çərçivəsində iştirakçılar üçün Rusiya Azərbaycan Gənclər Təşkilatının kuboku uğrunda yarışlar təşkil olunacaq, marşrut üzrə iştirakçıları yerli administrasiyaların, təşkilatın regional şöbələrinin və avtoklubların nümayəndələri qarşılayacaq.

Rostov vilayətinin Taqanroq şəhərində 7 may 1980-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılan Sambesk təpələrindəki Şərəf abidəsinə məşəlli yürüş təşkil olunacaq və tər çiçəklər qoyulacaq.

Novoçerkasskda offroyderlərdə kütləvi mədəni tədbir və yarışların təşkil olunacağı planlaşdırılıb, Mingəçevirdə isə Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçiriləcək.

Gənclər Təşkilatının məqsədi Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə uğurlu inteqrasiyasınıa yardım etməkdən və Azərbaycanın zəngin mədəni ənənələrinin qorunmasından ibarətdir. "Rusiya-Azərbaycan dostluğu avtoyürüşü" xalqlar arasında yaradılan tarixi dostluq və qarşılıqlı anlaşma münasibətlərini möhkəmləndirmək, iştirakçıları Azərbaycanın təbiəti, ənənələri və mədəniyyəti ilə tanış etmək üçün yaradılıb. Avtoyürüş iştirakçıları iki ölkənin görməli yerlərindən keçəcəklər. Onlar üçün geniş ekskursiya proqramları hazırlanıb.

Xəbər lenti

Xəbər lenti