...

Xaricdə təhsil almış gənclər Azərbaycanda dövlət qulluğuna qəbul olunublar

Cəmiyyət Materials 20 Avqust 2010 12:58 (UTC +04:00)
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı əsasında xaricdə təhsil almış beş məzun Azərbaycanın dövlət qurumlarında müvafiq vəzifələrə təyin olunublar.
Xaricdə təhsil almış gənclər Azərbaycanda dövlət qulluğuna qəbul olunublar

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir K. Zərbalıyeva/

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı əsasında xaricdə təhsil almış beş məzun Azərbaycanın dövlət qurumlarında müvafiq vəzifələrə təyin olunublar. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət qulluğu məsələləri üzrə komissiyanın sədr müavini Vəfadar Misirov bildirib.

"Həmin beş nəfər təhsil şurası tərəfindən dövlət qulluğuna təqdim olunub. Xaricdə təhsil alan məzunlar təhsillərini başa vurandan sonra, ehtiyat kadrlar siyahısına daxil edilir; ixtisaslarına uyğun olaraq dövlət qulluğu vəzifələrinə təyin olunurlar. Onların digərlərindən üstünlükləri dövlət qulluğuna müsabiqədənkənar qəbul olunmalarıdır. Onların dövlət qulluğunda tutduqları vəzifələrdə əməkhaqları digərlərindən fərqlənmir;  işlərinin keyfiyyətinə görə isə digər dövlət qulluqçularından fərqlənməlidirlər", - Misirov əlavə edib.

Onun sözlərinə görə, xaricdə təhsil almağa göndərilən gənclər TQDK tərəfindən keçirilən imtahanlarda yüksək bal toplayan şəxslər arasından seçilirlər.

"Hazırda dövlət qulluğu üzrə xaricdə təhsil alan tələbələr daha çox beynəlxalq münasibətlər və hüquqşünaslıq üzrə təhsil alırlar. Gələcəkdə ixtisas siyahısı genişlənəcək. Azərbaycanda belə kadrlara tələbat kifayət qədər yüksəkdir", - Misirov deyib.

Misirov son dövlət qulluğu imtahanlarından da danışıb: "Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçirilən son müsabiqə üzrə 400-ə yaxın şəxs dövlət qulluğuna qəbul olunub. Həmin namizədlərin dövlət orqanlarına təqdimatı davam edir. Sonuncu - 7-ci müsabiqədə 1 300-ə yaxın namizəd test imtahanlarında iştirak edib. Hazırda dövlət qulluğunun ehtiyat kadr siyahısında 115 ehtiyat kadr var. Növbəti aylarda onların vəzifələr üzrə yerləşdirilməsinə başlanılacaq", - Misirov bildirib.

Xəbər lenti

Xəbər lenti