Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/
Cümə günü Azərbaycan Milli Məclisinin sosial siyasət komitəsində "MDB üzv ölkələrində əmək miqrantlarının, onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi aparılıb.
"Azərbaycanın bu Konvensiyaya qoşulması Rusiyada işləyən əmək miqrantlarının sosial müdafiəsini gücləndirəcək", - iclasda komitə sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, Rusiyaya mühacirət edən soydaşlarımıza sosial müdafiənin təmin edilməsi üçün rəsmi əmək miqrantı statusunun alınması lazımdır.
Komitə üzvü Musa Quliyev iclas zamanı qeyd edib ki, hazırda Rusiyadakı azərbaycanlı əmək miqrantlarının statusu müəyyən edilməyib və bu baxımdan həmin konvensiyaya qoşulmaq zərurəti yaranır.