...

Niderlandın Rotterdam şəhərində Azərbaycan paytaxtını tanıdan barelyef asılacaq

Cəmiyyət Materials 27 Sentyabr 2010 17:03 (UTC +04:00)
Niderlandın Rotterdam şəhərindəki Bakı küçəsində Azərbaycan paytaxtını tanıdan barelyef asılacaq.
Niderlandın Rotterdam şəhərində Azərbaycan paytaxtını tanıdan barelyef asılacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Niderlandın Rotterdam şəhərindəki Bakı küçəsində Azərbaycan paytaxtını tanıdan barelyef asılacaq. Trend-in bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, barelyefin açılışı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Barelyef yerli sakinlərə və şəhərin qonaqlarına Bakını tanıtmaq məqsədi daşıyır.

1950-ci illərdə Bakı nefti ilə dolu tanker ilk dəfə Rotterdam limanına gələndən sonra bu şəhərdəki küçələrdən birinə Bakı adı verilib.

BAK-ın fəxri prezidenti Sahil Qasımov bildirib ki, həmin küçədə Bakını təsvir edən, tanıdan barelyefin asılması məhz paytaxtımızı təbliğ etmək məqsədindən irəli gəlir.

"Biz istəyirik ki, bu küçənin sakinləri, şəhər əhalisi, qonaqlar, turistlər Bakı küçəsinin təkcə adını eşitməklə kifayətlənməsinlər, həm də yeni asılacaq barelyef vasitəsilə Bakının harada yerləşdiyini, necə bir şəhər olduğunu öyrənsinlər", - Qasımov əlavə edib.

Qasımov bildirib ki, Bakının tanıdılması bu barelyefin asılması ilə yekunlaşmayacaq. Həmin gün Bakı küçəsindəki böyük toplantı salonlarından birində Azərbaycan günü keçiriləcək, ölkəmiz haqqında film göstəriləcək, milli musiqimiz və rəqslərimiz ifa olunacaq. Tədbirdə Niderland rəsmiləri, Azərbaycandan nümayəndələr, diplomatik korpusların təmsilçiləri iştirak edəcəklər.

Gələn ildən etibarən isə hər il Bakı küçəsində Azərbaycanı, onun paytaxtını tanıtmaq məqsədilə mədəni-kütləvi təbirlər təşkil olunacaq.

"Qaradağdakı Ələt qəsəbəsində tikilən yeni limanı Niderland şirkəti inşa edir. Liman istifadəyə verildikdən sonra Rotterdamdakı Bakı küçəsinin yerləşdiyi rayonla Qaradağ rayonunun qardaşlaşması barədə təşəbbüs də həyata keçiriləcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti