...

Azərbaycanın Qazaxıstandakı diaspor təşkilatları Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlayırlar

Cəmiyyət Materials 16 Oktyabr 2010 12:51 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı diaspor təşkilatları Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlayırlar
Azərbaycanın Qazaxıstandakı diaspor təşkilatları Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlayırlar

Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqının sədri Vidadi Salahovun Trend-ə müsahibəsi

- Azərbaycanın Qazaxıstandakı diasporunun təşkilatlanması hazırda hansı səviyyədədir? Diasporumuzun fəaliyyət istiqaməti nədən ibarətdir?

- Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti hazırda çox güclüdür. Deməliyəm ki, xalqımızın tarixi faciəli fakt və məqamlarla doludur. Bu gün Qazaxıstanda yaşayanlar arasında yarım əsr ərzində iki dəfə deportasiyanın acısını çəkmiş, daha doğrusu, müharibədən əvvəl və müharibə illərində zorla öz doğma vətənlərindən sürgün edilən insanlar da var. Onların bir hissəsi isə Özbəkistana sürgün edilmişdi. Xatırladığınız kimi, vaxtilə burada məshəti türkləri ilə bağlı xoşagəlməz hadisələr baş vermişdi. Bu hadisələr azərbaycanlılardan da yan keçmədi və onlar bu dəfə Özbəkistandan qaçmağa məcbur oldular - kimi öz tarixi Vətəninə, kimi Rusiyaya, kimi isə Qazaxıstana.

Burada Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlərinin İttifaqı fəaliyyət göstərir (Союз культурных центров азербайджанцев в Казахстане). Bundan başqa, ölkənin 12 vilayət və 2 şəhərinin diaspor qurumlarının birgə yaratdığı Hüquqi Şəxslər Birliyi (Объединение Юридических Лиц) var. Xatırlatmaq istərdim ki, bütün vilayət mərkəzlərinin 5 aprel 2008-ci ildə çağırılmış qurultayının qərarına əsasən, bütün Qazaxıstan azərbaycanlılarının diaspor təşkilatlarının birliyi yaradılıb ki, bu birliyə də hazırda sədrlik edirəm.

Bizim diasporun daxilində Mədəni mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda, həmin mərkəzlərin daxilində "bazar günü" azərbaycandilli məktəblər və özfəaliyyət dərnəkləri mövcuddur. Onların fəaliyyətlərinin əsasında azərbaycançılıq ideyası durur. Azərbaycanın zəngin tarixi, misilsiz mədəni irsi və görkəmli ziyalıları haqqında ətraflı məlumat verilir. Hər il Azərbaycanla bağlı olan bayramlar və anım mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlər keçiririk. Bütün bu işləri həyata keçirməkdə bir məqsədimiz də odur ki, Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadıqları ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı, doğma Vətəninə sevgi, xalqına, millətinə, dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər bir vətəndaşın mənəvi borcudur.

Qeyd etmək yerinə düşər ki, Qazaxıstan keçmiş SSRİ-yə daxil olan respublikalar arasında Rusiyadan sonra ərazicə ikinci böyük dövlətdir və burada güclü diaspor təşkilatlarına xüsusi ehtiyac var.

- Bir sıra diaspor təşkilatlarımızın rəhbərləri Mərkəzi Asiya ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının vahid konqresdə birləşməsi barədə təklif irəli sürmüşdülər. Bu təşəbbüsün həyata keçirilməsi nə dərəcədə realdır?

- Orta Asiyada beş müstəqil dövlət var. Yaradılacaq konqres hansı dövlətdə qeydiyyatdan keçirilməlidir? Hüquqi cəhətdən bu ideya savadsızdır. Beş dövləti birləşdirən və hansısa Orta Asiya ölkəsində qeydiyyatdan keçən bir ittifaq yoxdur. Yəni hüquqi cəhətdən bütün Orta Asiya ölkələrini əhatə edəcək konqresin yaradılması mümkün deyil. Hər respublikanın öz qanunvericiliyi var və bu qanunvericiliyə uyğun olaraq həmin ölkə daxilində milli mərkəzlər yaradıla bilər və bu mərkəzlər bir dövləti təmsil edə bilər, ikinci bir ölkəni yox.

Lakin qeyd etmək istəyirəm ki, Qazaxıstan azərbaycanlılarının diaspor təşkilatları birliyinin digər diaspor təşkilatları ilə məlumat mübadiləsi mövcuddur. Özbəkistanla, Qırğızıstanla sıx əlaqələrimiz var - orada işləyən diaspor təşkilatlarından qəzetlər və jurnallar alırıq, öz nəşrlərimizi onlara göndəririk. Bundan başqa, ayrı-ayrı şəxslərin biznes əlaqələri var ki, bu da çox böyük önəm kəsb edir.

- Qazaxıstanda həmvətənlərimiz hansı problemlərlə daha tez-tez üzləşirlər? Onların həll olunması üçün hansı işlər görülür?

Qazaxıstanda heç bir azərbaycanlının siyasi problemi yoxdur və mövcud problemlər yalnız məişətlə bağlıdır. Hazırda əsas problem ondan ibarətdir ki, Azərbaycan vətəndaşı olaraq Qazaxıstanda uzun müddətdir yaşayan insanlar var, lakin ölkə qanunvericiliyinə əsasən onların burada yaşamaları üçün bir aydan artıq vaxt verilmir. Onlar bir sıra hallarda burada vətəndaşlıq almaq və ya müvəqqəti yaşayış üçün icazə almaqda əngəllərlə üzləşirlər. Bunun da səbəbi Azərbaycandan sorğuların cavabının gec gəlməsidir. Lazım olan sorğulara vaxtında cavab verilməməsi səbəbindən bəzən aylarla sənədsiz Qazaxıstanda qalan insanlar olur və bunları diaspor təşkilatı yemək və yaşayış yerləri ilə təmin etməyə çalışır.

Sənədi qaydasında olan bir həmvətənimizin hər hansı hüququ tapdalanarsa, cəmiyyət birinci olaraq reaksiya verir və istənilən dövlət müəssisəsinin qarşısında problemli məsələni qaldırır və ona cavab alır.

Mən və köməkçim hüquqşünas hər hansı bir azərbaycanlını maraqlandıran hüquqi məsələlərlə bağlı hüquqi məsləhət veririk. Eyni zamanda, məhkəmələrdə tərcüməçi kimi və yaxud hüquq müdafiəçisi kimi həmvətənlərimizə köməklik göstəririk. Və qeyd etmək istəyirəm ki, bunların hamısını pulsuz edirik.

- Qarabağ həqiqətlərinin Qazaxıstan cəmiyyətində tanınması istiqamətində bu ölkədə yaşayan diaspor nə kimi işlər görür?

- Qazaxıstan azərbaycanlılarının diaspor təşkilatlarının birliyi Qarabağ məsələsini daim diqqətdə saxlayır. ATƏT-in bu ilin dekabrın əvvəllərində Astanada keçiriləcək sammitinə kollektiv müraciət ünvanlamaq niyyətimiz var və artıq bununla bağlı Qazaxıstanın Xarici İşlər Nazirliyi ilə razılaşdırmalar aparılır. Əslində razılaşdırma çox problemli bir məsələdir, çünki ictimai təşkilatların Qazaxıstan dövlətində belə bir narahatlıq yaratmalarına çox imkan verilmir. Buna baxmayaraq, belə bir təşəbbüs qaldırmaq cəhdi etmişik. Biz istəyirik ki, ictimai təşkilatımızın müraciəti ATƏT-də oxunsun. Çünki bizim müraciətdə bildirilir ki, Qazaxıstanda yaşayan on minə yaxın Dağlıq Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlının torpaqları, evləri, maddi varlıqları zəbt olunub. Onların hüquqlarının pozulmasında Ermənistan hökuməti günahkardır. Mən beynəlxalq insan hüquqları idarəsinin nümayəndəsi kimi tələb edirəm ki, hüquqi cəhətdən ədalət bərpa olunsun. Müraciətin bir nüsxəsini artıq Qazaxıstanın Xarici İşlər Nazirliyinə təqdim etmişik və hazırda nazirliyin şöbəsinin münasibətini gözləyirik.

Qarabağ haqqında artıq Qazaxıstanda lazımınca doğru məlumatlar alınır, çünki qəzetimiz buraxılır. Bundan başqa, mən Qazaxıstan Texnologiya və Biznes Universitetinin müəllimi kimi bir çox universitetdə çıxış edir və minlərlə tələbə qarşısında Qarabağ münaqişəsinin yaranmasında kimin haqlı olduğu barədə dəqiq məlumat verirəm. Buna baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı yenə də geniş informasiya tələb olunur. Mənə elə gəlir ki, azərbaycanca yazıb yalnız öz ictimaiyyətimizi məlumatlandırmaq kifayət deyil. Sürətli şəkildə dünyada oxunan ingilis və rus dillərində, ən azından MDB dövlətlərində bu həqiqətlərin çatdırılması üçün rus dilindən istifadə etmək lazımdır.
Əsas odur ki, nüfuzlu, cəmiyyətdə mövqe tutan, ən əsası Vətənə öz töhfəsini vermək istəyən soydaşlarımız könüllü şəkildə təşkilata üzv yazılaraq fəallıq nümayiş etdirsinlər və etdirirlər də. Məhz bunun nəticəsidir ki, Qazaxıstanın hakim dairələrində də təşkilatımız haqqında çox yüksək fikir formalaşıb.

Təsisçisi və baş redaktoru olduğum "Turan-Ekspress" qəzetində sistemli olaraq Azərbaycan həqiqətlərindən söz açılır, bundan başqa, azərbaycanlıların Astana şəhər Ağsaqqallar Şurasının sədri, "Xəzər" Mədəniyyət Mərkəzinin həmsədri, Beynəlxalq Hüquq Müdafiə Mərkəzinin Astana üzrə nümayəndəliyinin rəhbəri kimi də Azərbaycanı ləyaqətlə təmsil etməyə çalışıram və bütün fəaliyyətimi Azərbaycandakı müvafiq qurumlarla əlaqəli şəkildə qururam.

- Azərbaycanlıların Qazaxıstanda dövlət qurumlarında təmsilçiliyi nə səviyyədədir?

- Azərbaycanlıların Qazaxıstanda əsasən inteqrasiya etdikləri dövlət strukturları daxili işlər strukturudur. Bundan başqa, hər bir universitetdə bir və ya bir neçə azərbaycanlı fəaliyyət göstərir, Qazaxıstanda azərbaycanlı səkkiz elmlər doktoru, 12 elmlər namizədi var. Həmçinin, rayon vergi idarəsinin rəhbəri vəzifəsində çalışan azərbaycanlı, polkovnik rütbəli həmvətənimiz, təhsil nazirliyində işləyən azərbaycanlı var.

Qazaxıstanın üç bölgəsində vilayət vəkilləri var, yəni vilayət məsləhətinin deputatları. Xatırladım ki, bu da Qazaxıstanda seçki yolu ilə tərkibi müəyyənləşdirilən yeganə strukturdur. Sevindirici hallardan biri odur ki, Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılara rast gəlmək olur.

- Qazaxıstana gələn həmvətənlərimizə hansı tövsiyələr verərdiniz?

- Qazaxıstana gələn Azərbaycan vətəndaşlarından xahiş edərdik ki, məlumatları olsun ki, bu ölkədə qonaq kimi onların bir aydan artıq qalmağa ixtiyarı yoxdur. İşləməyə gələrlərsə, xüsusi icazə almalıdırlar. Burada yalnız ali təhsilli insanlara iş üçün icazə verirlər, özü də həmin mütəxəssislərin burada olmadığı bir halda. Yaşamaq üçün beşillik xüsusi icazə ilə bağlı Azərbaycandan müvafiq arayışlar alınmalıdır.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti