...

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanları başa çatıb

Cəmiyyət Materials 20 Oktyabr 2010 13:34 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 11-dən 19-dək keçirilən imtahanlarda iştirak edən 551 namizəddən 167 nəfəri müsabiqənin birinci mərhələsində uğur qazanıb.
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanları başa çatıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən test imtahanları başa çatıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, oktyabrın 11-dən 19-dək keçirilən imtahanlarda iştirak edən 551 namizəddən 167 nəfəri müsabiqənin birinci mərhələsində uğur qazanıb.

Test mərhələsini uğurla başa vuran namizədlərdən 38 nəfəri 6 və ya 7-ci, 12 nəfəri 8 və ya 9-cu təsnifatlar üzrə keçid balını toplayıb.

117 nəfər 6 və ya 7-ci təsnifat üzrə inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat üzrə inzibati vəzifələrin keçid balını toplayıblar.

Namizədlər dünyagörüşü ilə bağlı - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri; qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabliyyəti sahələrində test tapşırıqlarını cavablandırıblar.

Test imtahanının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti üzrə qeydə alınmış 5 namizəddən heç biri test imtahanından keçə bilməyib.

Birinci mərhələdə uğur əldə edən namizədlərlə müsahibələr yaxın günlərdə başlayacaq.

Xəbər lenti

Xəbər lenti