...

Azərbaycanın işğal olunmuş Zəngilan rayonunun qiymətli ağacları ermənilər tərəfindən tamamilə məhv edilib - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 29 Oktyabr 2010 11:07 (UTC +04:00)
İşğal olunmuş Zəngilan rayonunun meşə təsərrüfatının qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik material kimi daşınıb, meşələrdə güclü yanğınlar törədilib
Azərbaycanın işğal olunmuş Zəngilan rayonunun qiymətli ağacları ermənilər tərəfindən tamamilə məhv edilib - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş Zəngilan rayonunun meşə təsərrüfatının qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq, işlik material kimi daşınıb, meşələrdə güclü yanğınlar törədilib, - bunu cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, araşdırmalara əsasən məlum olub ki, Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, Şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq, işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törətmiş, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan iki hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırmışlar.

Bundan başqa, Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin, Top və Şükürataz meşə sahəsində olan 350-400 yaşı olan palıd ağacları da qırılıb-daşınmış və ərazi yandırılmışdır.

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 17 ili tamam olur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti