...

Litva vətəndaşları Azərbaycana vizanı Vilnüsdəki səfirlikdən ala bilərlər

Cəmiyyət Materials 19 Noyabr 2010 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Qasımova/

Azərbaycana səfər etmək istəyən Litva vətəndaşları viza almaq üçün Azərbaycanın Vilnüsdəki səfirliyinə müraciət etməlidirlər. Bu barədə Litva XİN-in məlumatında deyilir.

Vizaların verilməsi barədə ətraflı məlumat üçün Azərbaycanın diplomatik nümayəndəliyinə müraciət etmək olar.

Azərbaycanda ölkəyə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı bəzi dəyişikliklər olub. Dəyişikliklər Azərbaycan Prezidentinin fərmanına əsasən edilib. Bu barədə Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Fərmana əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər:

- Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;

- Azərbaycanın Prezidentinin, Baş nazirinin, Milli Məclisi Sədrinin, Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;

- Azərbaycanın Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəməsi sədrinin, baş prokurorunun, insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Mərkəzi Bankı sədrinin, Azərbaycan Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycanda fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycana gəldikdə;

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycana gəldikdə;

- fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycana gəldikdə;

- Azərbaycanda yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında);

Azərbaycan Prezidentinin fərmanı ilə Nazirlər Labinetinin 23 fevral 2010-cu il tarixli "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaları üçün Azərbaycan XİN-ə müraciət etmələri qaydaları" qüvvədən düşmüş hesab olunur.

Azərbaycan XİN-ə xarici dövlətlərin müvafiq orqanlarını dəyişikliklər barədə məlumatlandırmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti