...

Region ölkələri güclü olmalıdırlar ki, onlarla hesablaşsınlar – İranın Azərbaycandakı səfiri

Cəmiyyət Materials 30 Noyabr 2010 19:43 (UTC +04:00)
Region ölkələri problemləri özləri həll etməlidirlər, lakin nüfuzlu dövlətlərin onlarla hesablaşmaları üçün güclü olmalıdırlar.
Region ölkələri güclü olmalıdırlar ki, onlarla hesablaşsınlar – İranın Azərbaycandakı səfiri

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Region ölkələri problemləri özləri həll etməlidirlər, lakin nüfuzlu dövlətlərin onlarla hesablaşmaları üçün güclü olmalıdırlar. Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami deyib. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) informasiya və mətbuat şöbəsinin rəsmi məlumatında deyilir.

"Regional dövlətlər, xüsusən də müsəlman dövlətlər öz problemlərini özləri həll etməli, bunun üçün çox güclü və qüdrətli olmalıdırlar ki, dünyanın böyük dövlətləri də onlarla hesablaşsınlar", - Bəhrami çərşənbə axşamı BDU-nun rektoru ilə görüşdə deyib.

BDU-nun rektoru Abel Məhərrəmov bu gün İranın Azərbycandakı səfirini qəbul edib. BDU-nun yaranma tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışan rektor, universitetin İranın ali təhsil ocaqları ilə ikitərəfli əlaqələrindən bəhs edib.

BDU-da 60 ildən çoxdur ki, fars dili və ədəbiyyatı tədris olunur, son illərdə doktoranturada təhsil almaq istəyən iranlı tələbələrin sayı artıb.

Bəhrami Azərbaycanla İranın eyni mədəniyyətə, dinə malik qardaş və dost ölkələr olduğunu bildirib, əlaqələrin, xüsusən də elm sahəsində münasibətlərin daha sıx olmasının vacibliyini diqqətə çatdırıb.

Səfir hər iki ölkənin böyük universitetləri olan Bakı Dövlət Universiteti ilə Tehran Universitetinin daha sıx əməkdaşlıqda, tələbə və müəllim mübadiləsində, birgə konfranslar və layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

"Universitetlərarası əlaqələr nə qədər güclü olsa, bu, birlik üçün bir o qədər əhəmiyyətlidir", - səfir vurğulayıb.

Səfir BDU-nun rektorunu İrana səfərə dəvət edib.

Məhərrəmov nanotexnologiya, mikrobiologiya, tibb, eləcə də digər sahələrdə əməkdaşlığın daha səmərəli və sıx olmasının vacibliyini qeyd edərək, öz növbəsində Tehran Universitetinin rektorunu Azərbaycana dəvət edib. Qərara alınıb ki, həmin görüşlərdə universitetlərarası əməkdaşlıq məsələlərini nəzərdə tutan müqavilə imzalansın.

Dağlıq Qarabağ münaqişəsindən danışan səfir əlavə edib ki, onun dövləti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.

Məhərrəmov Dağlıq Qarabağ problemindən danışaraq, dünya dövlətlərinin, aparıcı beynəlxalq təşkilatların ikili standartlarını və münaqişənin həlli istiqamətində müsəlman dövlətlərinin birlik və bərabərliyinin xüsusi əhəmiyyətini qeyd edib.

BDU-nun rektoru iki dost və qardaş ölkənin prezidentlərinin görüşünün xüsusi əhəmiyyətini vurğulayıb.

Səfirin həm elm və təhsil, həm də diplomatiya sahəsində fəaliyyətini yüksək qiymətləndirən Məhərrəmov, bu görüşün ölkələrarası əlaqələrə, o cümlədən elm və təhsilin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti