Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda gələn il doktoranturaya qəbul planı artırılacaq. Bunu jurnalistlərə cümə axşamı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
"Azərbaycanda doktoranturaya iki ildir ki, qəbul aparılmırdı. Bu səbəbdən təklif olunub ki, bu təhsil pilləsi üzrə plan artırırlsın", - komitə sədri deyib.
Onun sözlərinə görə, qəbul keçirilməyən illərdə boş qalan yerlər növbəti plana daxil ediləcək.
Hacıyev bildirib ki, doktoranturaya qəbulla bağlı Əsasnamə təsdiqlənib və bu yaxınlarda qəbulla bağlı elan veriləcək.
Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na əsasən, qəbul imtahanları, minimumların verilməsi, elmi rəhbərlərin seçilməsi, həmçinin doktoranturaya qəbul aparan institutlara tələblər artırılıb.
Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" yeni qanun qəbul olunduqdan sonra bu təhsil pilləsinə qəbul aparılmayıb.