...

YUNİSEF Azərbaycanda əlillərin hüquqi vəziyyətinə dair araşdırma aparacaq

Cəmiyyət Materials 9 Dekabr 2010 17:00 (UTC +04:00)
Gələn ildən BMT-nin Uşaq Fondu (YUNİSEF) Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının vəziyyətinə dair araşdırma aparacaq.
YUNİSEF Azərbaycanda əlillərin hüquqi vəziyyətinə dair araşdırma aparacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Gələn ildən BMT-nin Uşaq Fondu (YUNİSEF) Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının vəziyyətinə dair araşdırma aparacaq. Bu barədə cümə axşamı YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşkil etdiyi 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş "dəyirmi masa"da deyib.

Məmmədzadə bildirib ki, araşdırma zamanı əlillərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdəki boşluqlar, əlillərin müxtəlif xidmət sahələrinə çıxışı ilə bağlı məhdudiyyətlər öyrəniləcək.

Proqram rəhbərinin sözlərinə görə, əlilliyi olan şəxslərin müxtəlif xidmət sahələrinə - təhsil, səhiyyə, sosial müdafiə hüquqlarının təmin olunması və məhkəmələrə çıxışları ilə bağlı imkanları məhduddur.

O qeyd edib ki, Azərbaycanın da qoşulduğu "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı" Konvensiyanın tələbinə görə, dövlət bu şəxsləri hüquq subyekti kimi tanımalı və onlara digər şəxslərlə bərabər imkanlar yaratmalıdır.

YUNİSEF-in nümayəndəsi qeyd edib ki, gələn ilin yanvarında Azərbaycan hökuməti bu Konvensiyanın icrası ilə bağlı hesabat hazırlayacaq. Onun sözlərinə görə, YUNİSEF bu hesabatın hazırlanmasında iştirak edir. Məmmədzadə qeyri-hökumət təşkilatları tərəfindən hökumətin hesabatına alternativ hesabatın hazırlanmasını vacib sayıb və bu işdə də YUNİSEF-in iştirakını istisna etməyib.

Azərbaycanda əhalinin 4,9 faizini əlillər təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə görə, əlillərin sayı əhalinin ümumi sayının 6-10 faizi nisbətində olarsa, bu normal hal sayılır. Rəsmi məlumata görə, hazırda ölkədə 430 mindən çox əlil var ki, onların da 11 mini Qarabağ müharibəsi zamanı yaralananlardır.

Xəbər lenti

Xəbər lenti