...

Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Cəmiyyət Materials 13 Dekabr 2010 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Misir Ərəb Respublikasınındakı səfirliyinin təşkilatçılığı ilə dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə səfirliyin əməkdaşları, Mübarək Təhlükəsizlik Akademiyasında kurs keçən Azərbaycan zabitləri, Misirin nüfuzlu universitetlərinin professorları, Misir universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Misirin elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın millət vəkili Qənirə Paşayeva iştirak edib.

Mərasim iştirakçıları səfirlikdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən materiallardan ibarət guşə ilə tanış olublar və Heydər Əliyevin büstü önünə çiçəklər düzüblər.

Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev qonaqları salamlayaraq ulu öndərin həyat və fəaliyyətindən ətraflı söz açıb. Səfir ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın dövlətçiliyinin təhlükə qarşısında olduğu bir vaxtda xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkədə əldə olunan uğurları, Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli liderin misilsiz xidmətlərini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, ulu öndərin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtarmaz.

"Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib", - Paşayeva əlavə edib.

Qənirə Paşayeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir: "Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaradib, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli lider Azərbaycanın siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, həyata keçirilməsini təmin edib. Bu gün bizi sevindirən ən əsas cəhət odur ki, indi onun müdrik siyasətini uğurla həyata keçirən layiqli davamçısı, Azərbaycan dövlətinin başçısı İlham Əliyevdir", - Paşayeva deyib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti