Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda gələn il yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov bildirib.
"Gələn ilin mayında Şəkidə qarışıq tipli cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək" , - Ələkbərov deyib.
Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanası ərazisində qadınlar və yeniyetmələr üçün cəzaçəkmə müəssisələrinin layihə-smeta sənədləri hazırdır və bu müəssisələrin 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılıb.
Ələkbərov bildirib ki, 2012-2013-cü illərdə Azərbaycanda bütün cəzaçəkmə müəssisələri Avropa standartlarına uyğunlaşdırılacaq.
2008-ci ildə Naxçıvanda qarışıq tipli cəzaçəkmə müəssisəsi, 2009-cu ildə Bakı İstintaq Təcridxanası inşa olunaraq istifadəyə verilib.