Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, habelə Abşeron rayon polis şöbəsinin MST-nə baş çəkiblər. Bu barədə çərşənbə axşamı Ombudsman Aparatından Trend-ə daxil olan məlumatda deyilir.
Sumqayıt MST-də və polis bölmələrində saxlanma şəraiti araşdırılıb, müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxslərlə və inzibati qaydada həbs olunanlarla söhbət aparılıb, onlara hüquqları izah olunub.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Araşdırma zamanı bir sıra nöqsanlar da aşkar edilib. Belə ki, saxlanılan şəxslərdən birinə lazımi tibbi yardımın göstərilmədiyi, habelə evlərindən gətirilmiş yeməklərin saxlanılan şəxslərə verilmədiyi müəyyən edilib. Bu məsələlər Daxili İşlər Nazirliyi ilə birgə araşdırılacaq.
Abşeron rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirilən zaman həmin müəssisənin əsaslı təmir olunduğu müəyyən edilib, burada saxlanılan şəxslərin Yasamal RPİ-nin MST-nə köçürüləcəyi bildirilib.