...

Azərbaycan Teleradio Şurası telekanallarda bəzi verilişlərin dayandırılması ilə bağlı əlavə səlahiyyətlər əldə etmək niyyətindədir

Cəmiyyət Materials 29 Dekabr 2010 16:28 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlayacaq.
Azərbaycan Teleradio Şurası telekanallarda bəzi verilişlərin dayandırılması ilə bağlı əlavə səlahiyyətlər əldə etmək niyyətindədir

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi barədə müvafiq qurumlara müraciət ünvanlayacaq. Bunu çərşənbə günü Trend-ə 2010-cu ilin yekunlarına dair verdiyi müsahibəsində MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Səlahiyyətlər qanunverici bazaya edilən dəyişikliklər əsasında həyata keçirilə bilər", - Məhərrəmli deyib.

MTRŞ sədri həmçinin regional və özəl televiziya kanallarına da dövlət tərəfindən yardımın ayrılması ilə bağlı iş aparıldığını bildirib.

"Necə ki, dövrü mətbuata KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyə vəsaiti ayrılır, eyni formada da özəl kanallarda bunu etmək olar - dövlətin sifarişi ilə Azərbaycanın tarixinə, mədəniyyətinə, coğrafiyasına, milli mənəvi dəyərlərinə uyğun verilişlər yerləşdirmək olar ki, bu da şou-biznes, bayağılıq tendensiyasını televiziyalarda azaltmaq istiqamətində addım ola bilər", - Məhərrəmli bildirib.

Şura sədri bildirib ki, 2010-cu ildə yeni televiziya və radio kanallarının açılması üçün lisenziyaların verilməsi prosesinə başlanılıb, Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı televiziya və radio kanallarında maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində xeyli işlər görülüb.

"Amma 2010-cu ildə həm də özəl televiziya kanallarında Azərbaycanın milli mənəvi dəyərləri ilə bağlı verilişlər narahatçılıq doğuran formada inkişaf edib - şou xarakterli verilişlərin sayı artıb və MTRŞ da bundan narahatdır. Azərbaycanın tarixinə, ədəbiyyatına aid maarifləndirici verilişlərin bu cür kanallarda az olması bu gün narahatedici faktorlardandır", - Məhərrəmli bildirib.

MTRŞ sədri bildirib ki, 2011-ci ildə əksər televiziya kanallarında lisenziya müddəti bitir və televiziya kanallarının lisenziyasının uzadılması məsələsinə baxılacaq.

Azərbaycanda səkkiz ümumrespublika, 14 regional, 13 kabel televiziya kanalı var.

Xəbər lenti

Xəbər lenti