Fotoşəkillər əlavə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə dekabrın 29-da Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir, məlumatı AzərTAc dövlət informasiya agentliyi yaydı.
Bakı Ticarət Limanının ərazisindəki yeni parkda tikinti işləri Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən həyata keçirilmişdir. Dövlətimizin başçısı həmin iclasda yeni beynəlxalq ticarət limanının inşa olunacağını vurğulayaraq əvvəlki ticarət limanının yerində abadlıq və quruculuq işlərinin aparılması və burada müasir tələblərə cavab verən yeni istirahət guşələrinin yaradılmasının zəruriliyini bildirmişdi. Həyata keçirilən yenidənqurma işləri Dənizkənarı Milli Parkın hər iki istiqamətə uzadılacağını nəzərdə tuturdu. Prezident İlham Əliyevin tapşırıqları qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə həyata keçirilmişdir.
Dövlətimizin başçısına görülən abadlıq və quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əvvəlki limanın üç hektarlıq ərazisində abadlıq və yenidənqurma işləri aparılmış, qısa vaxt ərzində bura paytaxt əhalisinin və respublikamıza gələn qonaqların hərtərəfli istirahəti üçün hər cür şəraiti olan istirahət guşəsinə çevrilmişdir. Parkın ərazisində yeni yaşıllıq zolaqları salınmış, müasir oturacaqlar quraşdırılmışdır. Yeni parkda uşaqların əylənməsi üçün ən müasir standartlara cavab verən qurğular quraşdırılmış, əhaliyə nümunəvi xidmət göstərmək üçün müxtəlif obyektlər yaradılmışdır.
Tərtibatı ilə paytaxta xüsusi yaraşıq verən parkda yeni fəvvarələr inşa edilmiş, su keçidləri salınmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir. İstirahət guşəsində, həmçinin ən hündür Yeni il bayramı yolkası ucaldılmışdır. Bayram yolkasının ətrafında isə uşaqların və yeniyetmələrin əylənməsi üçün süni buz örtüyü quraşdırılmışdır.
Prezident İlham Əliyev parkda əhaliyə xidmət göstərəcək istirahət obyektlərinin şəraiti ilə də maraqlandı.
Dövlətimizin başçısı və ailə üzvləri yeni istirahət guşəsində yaradılan şəraitlə yaxından tanış oldular.
Yeni parkın istifadəyə verilməsi paytaxt sakinlərinə Azərbaycan Prezidentinin bayram hədiyyəsi oldu.