Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycan 2011-ci ildə MDB-də ilk dəfə olaraq dənizdə seysmometrlər quraşdırmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli bildirib.
"Xəzər dənizinin dibində quraşdırılması nəzərdə tutulan üç seysmometr potensial yeraltı təkanların episentrinin və dərinliyinin dəqiq öyrənilməsinə imkan verəcək", - Məmmədli bildirib.
Onun sözlərinə görə, respublikanın seysmik stansiyalarının Xəzərə nəzərən birtərəfli yerləşməsi ilə əlaqədar olaraq, zəlzələ ocaqlarının koordinatlarının təyinində dəqiqlik o qədər də yüksək deyil və bəzən 15-20 km fərq edir.
Stansiyalar dənizin dibində quraşdırılsa da, müşahidələr suyun üzərində yerləşən avadanlıqlarla aparılacaq.
Məmmədli qeyd edib ki, Xəzərin cənub-qərb hissəsinin seysmikliyi şimali-qərb və mərkəzi hissələrinin seysmikliyindən kəskin fərqlənir. "Xəzərin cənub hissəsində seysmik aktivlik müşayiət olunur və tək-tək episentrlər qeydə alınır", - o, əlavə edib.
Son illər Xəzərin Azərbaycan sahillərində müşayiət olunan ən güclü zəlzələ 2000-ci il noyabrın 25-də Abşeron yarımadasının cənubunda baş verib. İntensivliyi MSK-64 cədvəli ilə 6-7 bala çatan zəlzələ ən çox Bakı və Abşeron yarımadasından şimalda olan sahilboyu rayonları dağıntıya məruz qoymuşdu.
Tahir Məmmədli bildirib ki, Xəzərdə zəlzələ ocaqları əsasən 50 km-ə qədərki intervalda yayılır. 70 km-ə qədər dərinlikli hiposentrlər isə tək-tək qeyd olunur. "Hiss olunan və dağıntılara səbəb olan zəlzələlər isə ocaqları 30-35 km dərinlikdə yerləşənlərdir", - Məmmədli bildirib.