Azərbaycan, Gəncə, 17 yanvar /Trend, müxbir V.Məmmədov/
Ötən il Gəncə şəhərində 579 cinayət faktı qeydə alınıb. Bu cinayət işlərinin 96,3 faizi açılıb. Bu barədə Gəncə şəhər Polis İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbirində məlumat verilib.
Bildirilib ki, Nizami rayonunda 307, Kəpəz rayonunda isə 270 cinayət faktı qeydə alınıb. Bu faktların açılma faizləri isə müvafiq olaraq 97,3 və 95,2 faiz olub.
Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev ötən il cinayət faktlarının sayında azalma olduğunu deyib və qeyd edib ki, ötən il bir neçə cinayət işi bağlı qalıb.
Polis rəisi bildirib ki, ötən il Gəncədə 12 nəfər öldürülüb. Gəncə polisi ötən il ərzində qanunsuz dövriyyədən 70 kq qurudulmuş, 130 kq yaş marixuana, 1 kq-a yaxın heroin, 500 qram həşiş, 1 kq-a yaxın tiryək çıxarıb.
Qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar olaraq 87 fakt üzrə cinayət işi qaldırılıb və 100 nəfər saxlanılıb.
Hesabat dövründə Gəncədə 11 nəfərin ölümü ilə nəticələnən 32 yol qəzası qeydə alınıb.
Gəncədə ötən il 53 oğurluq hadisəsi baş verib. Nəticədə 6 və 7 nəfərlik 2 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dələduzluqla bağlı 55 fakt qeydə alınıb. Axtarışda olan 184 nəfərdən 139-u tapılaraq istintaqa təhvil verilib.
İtkin düşən 73 nəfərdən 54-ü tapılaraq yaxınlarına təhvil verilib.
Əhalidən qanunsuz saxlanılan 4 avtomat, 12 tapança, 5 tüfəng, 20 qumbara, 11 fişəng, 1281 ədəd müxtəlif çaplı patronlar və digər silah-sursatlar aşkar edilərək götürülüb.