...

Azərbaycan məhsulları Kaliforniyada keçirilən sərgidə böyük maraq doğurub

Cəmiyyət Materials 20 Yanvar 2011 16:16 (UTC +04:00)
"Azərsun Holdinq", "AZNAR", "M-Pro", "Sirab", "Badamlı" və "Hacı Camalxan" daxil olmaqla, bir sıra Azərbaycan şirkətlərinin məhsulu ilk dəfə ABŞ-ın qərb regionunda San-Fransisko şəhərində qida məhsullarının ən böyük ixtisaslaşmış sərgisində təqdim edilib.
Azərbaycan məhsulları Kaliforniyada keçirilən sərgidə böyük maraq doğurub

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycan məhsulu Kaliforniyada təşkil olunan sərgidə böyük maraq doğurub.

"Azərsun Holdinq", "AZNAR", "M-Pro", "Sirab", "Badamlı""Hacı Camalxan" daxil olmaqla, bir sıra Azərbaycan şirkətlərinin məhsulu ilk dəfə ABŞ-ın qərb regionunda San-Fransisko şəhərində qida məhsullarının ən böyük ixtisaslaşmış sərgisində təqdim edilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

Dünyanın 35 ölkəsindən 1300 istehsalçının təmsil olunduğu sərgidə Azərbaycan şirkətlərinin iştirakı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən göstərilən dəstəyin sayəsində mümkün olub.

Azərbaycanda istehsal edilən qida məhsullarının keyfiyyət və çeşidi, xüsusilə də nar şirəsi və meyvə cemləri 17 min sərgi ziyarətçisi arasında böyük maraq doğurub, narşərablar və feyxoa məmulatları sərginin təşkilatçıları tərəfindən xüsusi diqqətə layiq olan yeni adlar kateqoriyasına ayırılıb.

Sərginin işində Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev iştirak edib. O, Azərbaycanla əməkdaşlıqda marağı olan tərəflərin nümayəndələri ilə ilkin danışıqlar aparıb, eləcə də San-Fransiskonun Sənaye-Ticarət Palatasının prezidenti Stiven Falk ilə potensial birgə layihələri müzakirə edib. Görüşlərdə İsayev Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında danışıb və qeyd edib ki, yeyinti sənayesinin, biotexnologiyaların və başqa istiqamətlərin inkişafı Azərbaycan rəhbərliyinin ölkə iqtisadiyyatının diversifikasiyası üzrə məqsədyönlü siyasətinin tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti