...

Los-Ancelesdə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan gecə keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2011 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir S.Ağayeva/

Los-Ancelesdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan gecə keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən gecədə diplomatik korpusun nümayəndələri, həmçinin Kaliforniyanın Azərbaycan, İran və Türkiyə icmasının nümayəndələri iştirak ediblər. "Qara Yanvar" hadisələri haqqında videomateriallar nümayiş olunub.

Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Altay Göyüşov tədbir iştirakçıları qarşısında çıxış edərək, Azərbaycan dövlətçiliyinin təşəkkülü və 1990-cı ilin faciəvi hadisələrinin səbəbkarları barədə danışıb.

Azərbaycanın baş konsulu Elin Süleymanov öz növbəsində qeyd edib ki, 21 il bundan əvvəl baş verən məhz 20 yanvar hadisələri Azərbaycan xalqının özünü dərk etməsində dönüş nöqtəsi olub. Ölkənin 1991-ci ildən müstəqillik əldə etməsinə baxmayaraq, Azərbaycanın müstəqilliyi üçün əsl zamanı yanvarın 20-si hesab etmək olar. Diplomat qeyd edib ki, "Qara Yanvar" milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları üçün ümumi faciə olub. Eyni zamanda, 1990-cı ilin yanvarında məhz Azərbaycan vətəndaşlarının sovet hökumətinin misilsiz qəddarlığına cavab olaraq fədakarlıq və Vətənin müdafiəsinə hazırlığı SSRİ-nin qəti süqutu prosesinə gətirib çıxardı.

Baş konsul tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, həmin dövrdə Moskvada olan ümummilli lider Heydər Əliyev qəti və qərarlı surətdə öz xalqının tərəfində dayanıb və bununla yanaşı, gələcəkdə artıq müstəqil Azərbaycanın başçısı olaraq davam etdirdiyi siyasətin əsaslarını qoyub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti