...

Küveytin bir sıra nüfuzlu mətbu orqanlarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub

Cəmiyyət Materials 24 Yanvar 2011 14:21 (UTC +04:00)
Məlumatda qeyd olunub ki, Küveytin nüfuzlu və geniş oxucu kütləsinə sahib olan "Ol-Ray", "Ol-Nahar", "01-Vatan" va "Ol-Siyasa" qəzetlərində "1990 - Küveyt və Azərbaycanda hüzn ili", "İşğal acısını dadmayan azadlığın şiriliyini anlamaz", "Küveyt Azərbaycanı təşkilatlarda dəstəkləyib", "Küveytlə əlaqələrimiz vahid ailə münasibətləridir" adlı məqalələr dərc olunub.
Küveytin bir sıra nüfuzlu mətbu orqanlarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Küveytin bir sıra nüfuzlu mətbu orqanlarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Küveytin nüfuzlu və geniş oxucu kütləsinə sahib olan "Ol-Ray", "Ol-Nahar", "01-Vatan" va "Ol-Siyasa" qəzetlərində "1990 - Küveyt və Azərbaycanda hüzn ili", "İşğal acısını dadmayan azadlığın şiriliyini anlamaz", "Küveyt Azərbaycanı təşkilatlarda dəstəkləyib", "Küveytlə əlaqələrimiz vahid ailə münasibətləridir" adlı məqalələr dərc olunub.

Məqalələrdə sovet ordusunun Bakıda və ölkəmizin bir sıra digər şəhərlərində törətdiyi vəhşiliklər əksini tapıb, bu qanlı faciədə əli olanların bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etməsi barədə məlumat verilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Dərc olunan materiallarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, həmçinin 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusilə vurğulanıb.

Ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə də materialda xüsusi yer ayrılıb. Burada Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə oxuculara ətraflı məlumat verilib. Eyni zamanda, işğalla əlaqədar BMT-nin 4 qətnaməsinə, İKT və Aİ-nin Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb edən qətnamə və bəyanatlarına rəsmi Yerevanın etinasız yanaşması qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə, eyni zamanda Azərbaycan-Küveyt əlaqələrinə də geniş yer ayrılıb, Küveyt Dövlətinin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi yüksək qiymətləndirilib, iki ölkə arasında münasibətlərin möhkəm, tarixi, dini və mədəni bünövrəsi olduğu vurğulanıb. O cümlədən, cari ilin 10-11 yanvar tarixlərində Əl-Küveyt şəhərində keçirilmiş Müştərək Komissiyanın ilk icasının uğurlarından danışılıb.

1990-cı ildə işğal zamanı Səddam Hüseyn rejimi tərəfindən neft quyularında törədilmiş yanğınların söndürülməsində azərbaycanlı yanğınsöndürənlərin də yaxından iştirak etməsi xatırlanıb.

Qəzet materiallarında müstəqil Azərbaycanın yerləşdiyi regionun ən inkişaf etmiş ölkəsi olması xüsusilə vurğulanıb.

Xəbər lenti

Xəbər lenti