...

Azərbaycanın Baş Prokurorluğu Elvin Əsgərovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb

Cəmiyyət Materials 26 Yanvar 2011 20:27 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu Elvin Əsgərovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
Azərbaycanın Baş Prokurorluğu Elvin Əsgərovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb

Azərbaycanın Baş Prokurorluğu Elvin Əsgərovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Nizami rayonunun ərazisində polis əməkdaşları ilə bir qrup şəxs arasında baş vermiş hadisə ilə əlaqədar həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmağa yönəlmiş və hadisələrin əsl mahiyyətini təhrif edən yazılar dərc edilir", - Trend-in məlumatına görə Baş Prokurorluğun çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Toplanmış ilkin istintaq materialları ilə müəyyən edilib ki, 2011-ci il yanvarın 13-də saat 01.00 radələrində "Neon" şadlıq sarayının yaxınlığında Bakı şəhər sakinləri Anar Qəniyev, Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozmaqla mübahisə ediblər. Həmin ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları onlara yaxınlaşıb intizama dəvət etmiş və şəxsiyyətlərini təsdiq edən sənədlərini yoxlamaq istəyib. Onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayıblar. Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən polis əməkdaşları - Elçin Mütəllimova və Zülfüqar Süleymanova bədən xəsarətləri yetirib. O, bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılmasına baxmayaraq, ayağa yenidən ayağa qalxıb, köməyə çağırılmış polis əməkdaşlarına da müqavimət göstərərək onlardan birinə - Səbuhi Ağayevə bıçaqla xəsarət yetirsə də saxlanılıb.
Xəsarət almış polis əməkdaşları tibbi yardım göstərilməsi üçün xidməti avtomaşınla rayon ərazisində yerləşən 6 saylı köməkçi təcili tibbi yardım stansiyasına, Elvin Əsgərov isə 24-cü Polis Bölməsinə aparılıb. Sonuncu orada olarkən səhhəti pisləşdiyindən çağırış əsasında saat 01:15-də təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Lakin ona davamlı şəkildə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılır. Bakı şəhər və Nizami rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək oradan qan nümunələri və cinayətin aləti olan bıçaq aşkar edilib götürülüb.

Elvin Əsgərovun ölümünün səbəblərinin, bədənindəki xəsarətlərin ağırlıq dərəcəsinin və törənmə mexanizminin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb və digər müvafiq ekspertizalar təyin edilib.

Hazırda zərərçəkmişin valideynlərinin irəli sürdükləri xüsusatlar araşdırılır, hadisəni görmüş şahidlərin müəyyən edilməsi, dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. Qeyd edilən cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmaqla, toplanmış sübutlar əsasında cinayəti törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti