...

Azərbaycan gömrükçülərinin müsadirə etdiyi keyfiyyətsiz məhsullar məhv olunub

Cəmiyyət Materials 27 Yanvar 2011 13:55 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yanvarın 25-də Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə müxtəlif vaxtlarda respublikanın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Azərbaycan gömrükçülərinin müsadirə etdiyi keyfiyyətsiz məhsullar məhv olunub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Gömrük Komitəsi müsadirə olunmuş keyfiyyətsiz məhsulları məhv edib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yanvarın 25-də Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə müxtəlif vaxtlarda respublikanın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Həmin məhsullardan 491 həb "Clonazepam", eləcə də 1195 qutu, 5762 ədəd və 3335 ampula dərman preparatları Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız hesab edildiyindən, 4500 ədəd diş karonkası isə standartlara uyğun gəlmədiyi üçün məhv olunub.

Respublika daxilində istifadəsinə icazə verilməyən 203 flakondan ibarət bioloji qida əlavəsinin isə keyfiyyətsiz olduğu müəyyənləşdirilib və zərərsizləşdirilib.

Bundan başqa, 72 ədəd və 189,6 kq "Çudo 26 Xudoe kofe" adlı qəhvə və 47 kq həcmində boş qəhvə qutuları, 6,5 kq balıq kürüsü və üzərində "Caviar" sözü yazılmış 1380 ədəd boş kürü qabları istifadəyə yararsız olduğundan, həmçinin 38 kq kolbasa məhsulu standart tələblərə uyğun gəlmədiyi üçün yandırılaraq məhv edilib.

İstifadəyə yararsız məhsullar sırasında müxtəlif adda 100 ədəd araq və 696 ədəd pivə, eyni zamanda, kustar üsulla hazırlanmış 160,5 litr çaxır və 107 litr spirt də zərərsizləşdirilib. Nəhayət, gömrükçülərin müsadirə etdikləri həmin mallar arasında Ermənistan istehsalı olan 7 ədəd "Royal Braziliya Coffe" qəhvəsi (100 qr-lıq paçkalarda), 3 ədəd "Ararat" və "Noy" konyakları da aşkarlanıb və istifadəyə yararsız olduğu üçün onlar da məhv edilib.

Bütün məhsullar Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti