Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.Hüseynov/
Azərbaycandakı Gürcüstan Strukturları Liqası 6 fevral tarixinin "Azərbaycanlıların və gürcülərin qardaşlıq günü" kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. "İlk dəfə bu il bu günü Liqa çərçivəsində qeyd edəcəyik, artıq gələn ildən isə hər iki ölkədə yüksək səviyyədə qonaqların cəlb edilməsi ilə geniş dairədə keçirəcəyik", - cümə günü Trend-ə Gürcüstan Strukturları Liqasının rəhbəri Teymuraz Kirimov məlumat verib.
Hər il 6 fevral tarixinin növbə ilə Bakı, Tbilisi, Gəncə, Kutaisi, Zaqatala, Balakən, Kaxetiya, Kvemo-Kartli, Batumi, Bakuriani və digər şəhərlərdə qeyd edilməsi təklif olunur. "Bu tədbirin hər il keçirilməsi üçün Təşkilat Komitəsi yaradacağıq. Həmin gün yeni tərəfdaşlarımıza diplomlar, fəxri fərmanlar, mükafatlar və sertifikatlar təqdim edəcəyik", - Kirimov bildirib.
Gürcüstan Strukturları Liqası 2005-ci ildə yaradılıb. Onun yaradılmasında əsas məqsəd 1995-ci ildə Tbilisi meriyasının daimi nümayəndəliyinin fəaliyyəti dövrü ərzində Azərbaycanda yaradılan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsinin möhkəmləndirilməsidir.
2010-cu ildə Liqa Bakıda pulsuz gürcü dili məktəbi yaradıb. Məktəbdə çoxlu sayda azərbaycanlılar və gürcülər, eləcə də xarici üzv və tərəfdaşlar təhsil alır.