...

Bakıda piyadaların vurulmasına qarşı mübarizə məqsədilə tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 7 Fevral 2011 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda təyin olunmayan yerlərdən keçən piyadaların vurulmasına qarşı mübarizə məqsədilə tədbirlər planı hazırlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, son vaxtlar yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında piyadaların vurulması hallarının artması ciddi narahatlıq yaradıb. Bu səbəbdən daxili işlər nazirinin xüsusi əmrinə əsasən, Bakı şəhər Baş Polis İdarəsində xüsusi tədbirlər planı hazırlanıb.

Şöbə rəisi bildirib ki, son 3 gündə Bakıda qeydə alınan 8 yol nəqliyyat hadisəsindən 3-ü qadağan olunan yerlərdən keçən piyadaların vurulması ilə bağlı olub və nəticədə 3 nəfər ölüb.  Bu hadisələr yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında baş verib.

Onun sözlərinə görə, bu il ərzində təyin olunmayan yerlərdən keçən 186 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tədbirlər planına əsasən, əlavə olaraq 5 nəzarət postu yaradılıb. Həmin postlar 20 saylı orta məktəbin, Azərbaycan Texniki Universitetinin yaxınlığında, "28 May" küçəsi ilə Bülbül prospektinin kəsişməsində, Azadlıq meydanı ərazisində - "Park İnn" otelinin yaxınlığında, Yusif Səfərov küçəsi ilə "28 May" küçəsinin kəsişməsində yaradılıb.

Əsədov bildirib ki, postlarda yol polisi əməkdaşları ilə birgə nazirliyin digər xidmət əməkdaşları da təxirəsalınmaz tədbirlər həyata keçirəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadaları və digər hərəkət iştirakçılarını intizama dəvət edir, onlardan yol hərəkəti qaydalarına riayət etmələrini, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmələrini xahiş edirlər.

Xəbər lenti

Xəbər lenti