Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda "Pasientin hüquqları haqqında" qanunun işləməsi üçün ölkədə icbari tibbi sığorta fəaliyyət göstərməlidir. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Millət vəkili hesab edir ki, bu qanun birbaşa səhiyyənin maliyyələşdirilməsinə bağlıdır və icbari tibbi sığorta işə düşmədiyindən, bu qanun hələ tam gücü ilə işləyə bilməyəcək.
Milli Məclisin yaz sessiyasında "Pasientin hüquqları haqqında" qanun layihəsi müzakirə olunacaq.
"Sığorta şirkəti tərəfindən pul ödənilməlidir ki, pasientlərin hüquqlarını nəzərdə tutan qanunun müddəaları işlək olsun", - Quliyev bildirib.
Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanda icbari tibbi sığorta haqqında qanun var, sadəcə olaraq onun tətbiq olunması üçün lazımı vəsait ayrılmayıb, müəyyən struktur-təşkilatı işlər görülməyib.
Azərbaycanda "İcbari sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib, lakin vergi ağırlığının azaldılması məqsədilə onun tətbiqi beş il yubanıb. 2009-cu ilin dekabrında Azərbaycan Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Tibbi sığorta sisteminin yaradılması səhiyyə sistemində islahatların aparılması, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində həyata keçirilir.