Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın ədliyyə naziri məhkəmə qərarlarının icrasının təmini istiqamətində yol verdikləri nöqsanlara görə bir qrup icra məmurunu cəzalandırıb.
Ədliyyə Naziliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlikdə icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə bu barədə qərar qəbul edilib.
Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunub, Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N.Qasımov tutduqları vəzifədən azad edilib, Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilib, bəzi digər məsul işçilərə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt verilib.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov korrupsiya ilə mübarizədə mühüm önəm kəsb edən məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə tədbirləri vurğulayıb, korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin, vətəndaşların get-gələ salınmasının əhalinin çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu və ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərdiyini qeyd edib.
Qeyd olunub ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85 faizinin icra olunmasına, habelə 209 nəfər barəsində cinayət işinin başlanmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır.
Aparılan yoxlamalar nəticəsində bir sıra yerli qurumlarda korrupsiyaya şərait yaradan halların, o cümlədən işlərin hərəkətsiz saxlanılması, icra ödənişlərinin alınmasında nöqsanlar, vətəndaşların şikayətlərinə, onların qəbuluna lazımi diqqət yetirilməməsi, icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması aşkar edilib, bir sıra yerli icra qurumlarının fəaliyyəti kəskin tənqid olunub.
Sonda İcra baş idarəsinə korrupsiya ilə mübarizənin gücləndirilməsi, bununla əlaqədar xidmətin işinin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, neqativ faktlar üzrə təxirəsalınmaz zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.