...

Azərbaycanda korrupsiya ilə mübarizəyə dəstək məqsədilə yeni sayt yaradılıb

Cəmiyyət Materials 2 Mart 2011 11:11 (UTC +04:00)
Azərbaycanda korrupsiya ilə mübarizədə etik davranış qaydalarının əhəmiyyətini artırmaq məqsədilə /www.etika.az/ internet səhifəsi yaradılıb.
Azərbaycanda korrupsiya ilə mübarizəyə dəstək məqsədilə yeni sayt yaradılıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiya ilə mübarizədə etik davranış qaydalarının əhəmiyyətini artırmaq məqsədilə /www.etika.az/ internet səhifəsi yaradılıb.

Sayt Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) təşəbbüsü və əməyi nəticəsində hazırlanıb.

AHK-dan Trend-ə verilən məlumata görə, sayt Konfederasiya tərəfindən icra olunan "Dövlət qulluqçularının və hüquq mühafizə orqanları əməkdaşlarının etik davarnış qaydaları ilə əlaqədar hüquqi maarifləndirmə" layihəsi çərçivəsində yaradılıb.

/Etika.az/ portalı dövlət orqanları tərəfindən göstərilən xidmətlər zamanı vətəndaş və dövlət qurumları arasında yaranan etik münasibətlərlə əlaqədar maarifçilik və məlumatlandırma missiyası daşıyır.

Qeyd olunan sayt bütün etik davranış qaydaları barədə ilk Azərbaycandilli vahid informasiya mənbəyidir. Eyni zamanda, sayt bütün etik davranış qaydalarına dair ilk testləşdirilmiş vahid informasiya mənbəyidir. Saytda milli və beynəlxlalq qrumların saytlarına keçidlər var. .

/Etika.az/ vasitəsilə hər bir dövlət orqanı tərəfindən qəbul edilmiş etik davranış kodeksləri və etik davranış qaydaları barədə ətraflı məlumat almaq olar.

Sayt vasitəsilə tələb edilən qanuni davranış qaydaları barədə daha asan məlumat əldə etmək mümkündür.

Vətəndaşlar saytdan istifadə etməklə tələb edilən etik davranış qaydalarını çap edib buna müvafiq olaraq dövlət qulluqçularından və hüquq-mühafizə orqanlarından etik davranış qaydalarında nəzərdə tutulmuş qaydalara uyğun davranmalarını tələb edə bilərlər.

Vətəndaşların dövlət orqanlarına daha rahat müraciət etməsi üçün dövlət qurumlarının saytlarına keçidlər və müraciət etmək üçün ünvanları, telefon nömrələri və elektron poçt əlaqələri də təqdim edilir. Eyni zamanda, dövlət qurumlarının nümayəndələri də qəbul edilmiş etik davranış qaydalarına uyğun olaraq hazırlanmış test suallarını cavablandırmaqla bilik səviyyələrini yoxlaya bilərlər.

/Etika.az/ portalının yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir.

AHK saytı təkmilləşdirmək üçün vətəndaşlardan rəy və təkliflər qəbul edir.

Xəbər lenti

Xəbər lenti