...

Azərbaycanın Baş Prokurorluğu Bəxtiyar Hacıyevin həbsi ilə bağlı məlumata aydınlıq gətirib

Cəmiyyət Materials 5 Mart 2011 15:23 (UTC +04:00)
Bəxtiyar Hacıyev barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib
Azərbaycanın Baş Prokurorluğu Bəxtiyar Hacıyevin həbsi ilə bağlı məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bəxtiyar Hacıyev barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna görə martın 4-də təqsirləndirilən şəxs Bəxtiyar Hacıyevin tutulması barədə qərar qəbul edilib və o, həmin tarixdə tutularaq istintaqa təhvil verilib. Qeyd edilən səbəbə görə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilməklə, Bəxtiyar Hacıyevin barəsində bir ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir" bunu şənbə günü Trend-in sorğusuna cavab olaraq Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Sultanovun sözlərinə görə, Bəxtiyar Hacıyev hərbi xidmət keçməkdən boyun qaçırdığına görə bu il yanvar 24-də Gəncə şəhər prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb və fevralın 3-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

"Qətimkan tədbiri seçilərkən Bəxtiyar Hacıyevə müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməməsi, müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməməsi, həmçinin polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gələrək bu barədə müvafiq qeydiyyat aparılması izah edilib. Qərar icra edilməsi üçün Gəncə şəhəri, Nizami rayon Polis Şöbəsinə göndərilib və Bəxtiyar Hacıyevin hər gün saat 10:00-da həmin şöbəyə gəlməli olduğu haqda cədvəl tərtib olunaraq ona imza etdirilib. Lakin, müəyyən edilib ki, o, 2 - 4 mart 2011-ci il tarixlərdə polis şöbəsinə gələrək cədvələ imza etdikdən sonra Gəncə şəhərinin ərazisini tərk edib. Bununla bağlı rayon Polis Şöbəsinin əməkdaşları bir neçə dəfə onun yaşadığı ünvana gedərək atası İlyas Hacıyevə oğlunun Nizami rayon Polis Şöbəsinə gəlməli olması bildirilməklə bu barədə müvafiq sənədləşmə aparılmış, lakin Bəxtiyar Hacıyev polis şöbəsinə gəlməyib" deyə Sultanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti