...

Azərbaycanda elektrik xətlərinin mühafizə zonalarında yerləşən tikililərin siyahısı hazırlanıb

Cəmiyyət Materials 28 Mart 2011 16:56 (UTC +04:00)
Azərbaycanda elektrik xətlərinin mühafizə zonalarında yerləşən tikililərin siyahısı hazırlanıb.
Azərbaycanda elektrik xətlərinin mühafizə zonalarında yerləşən tikililərin siyahısı hazırlanıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda elektrik xətlərinin mühafizə zonalarında yerləşən tikililərin siyahısı hazırlanıb.

Trend-in məlumatına görə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib ki, yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması barədə "Azərenerji" ASC üzrə tikililər haqqında kadastr məlumatları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

"Elektrik verlişi xətlərinin mühafizə zonalarında olan tikililər haqqında kadastr məlumatları Bakı şəhəri və respublikanın regionları üzrə Gəncə, Sumqayıt və Abşeron rayonu ərazisini əhatə edir", - Pirverdiyev bildirib.

Onun sözlərinə görə, hazırda yarımstansiyaların ətraf sahələrində və elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən tikililərin qeydiyyata alınması istiqamətində aparılan işlər respublikanın digər regionlarında davam etdirilir.

"Azərenerji" ASC-nin prezidenti bildirib ki, son dövrdə hava xətlərinin mühafizə zonalarında olan 36 tikili, 4 ticarət obyekti, 8 fərdi yaşayış evi üçün ayrılmış ərazinin hasarları sökülüb.

"Azərenerji" ASC tərəfindən görülmüş tədbirlər nəticəsində hava xətlərinin mühafizə zonalarında 34 yaşayış evi, tikili, özəl müəssisə, təmir sexi kimi obyektlərin tikintisi dayandırılıb, 126 hüquqi və fiziki şəxsə rəsmi xəbərdarlıq edilib, 6 qum-çınqıl karxanasının başqa zonaya köçürülməsinə nail olunub, 13 fiziki şəxsə qarşı iddia qaldırılaraq məhkəməyə verilib, 6 fiziki şəxs məhkəmə qaydasında cərimə edilib, 55 şəxsə qarşı mülki iddiaların qaldırılması üçün sənədlər hazırlanıb", - Pirverdiyev bildirib.

Azərbaycan hökumətinin "Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" qaydalarına əsasən, hava xətlərinin mühafizə zonaları 35 kV-luq hava xətləri üçün hər iki tərəfə 15 metr, 110 kV-luq hava xətləri üçün - 20 metr, 220 kV-luq hava xətləri üçün - 25 metr, 330 kV-dan yuxarı gərginlikli hava xətləri üçün - 30 metr qəbul edilib.

Xəbər lenti

Xəbər lenti