...

Yaponiyanın "Fukusima-1" AES-inin radioaktiv buludları Azərbaycan ərazisinə təsir etməyəcək - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 31 Mart 2011 11:17 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, ölkə ərazisində radiasiya fonu norma daxilindədir.
Yaponiyanın "Fukusima-1" AES-inin radioaktiv buludları Azərbaycan ərazisinə təsir etməyəcək - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, ölkə ərazisində radiasiya fonu norma daxilindədir.

"Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasından (AES) sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da, bu, insan sağlamlığına zərər verməyəcək, çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fikirlərinə görə, bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir", - cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir.

ETSN hesab edir ki, buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir.

"Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq, qısa müddətlidir", - məlumatda bildirilir.

Respublika ərazisində radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır, məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və nazirliyin internet səhifəsində yerləşdirilir.

Son bir həftədə Azərbaycan ərazisində nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə, günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq, gündəlik təbii radiasiya fonu mövsümə uyğun olub, atmosfer aerozollarının ümumi β-radioaktivliyi isə sutkalıq normanı keçməyib.

Xəbər lenti

Xəbər lenti