Azərbaycan, Bakı, 1 aprel /Trend/
Tovuz Gömrük İdarəsi və "Sınıq-Körpü" gömrük postunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstandan Azərbaycana gömrük nəzarətindən gizlədilmiş şəkildə gətirilməsinə cəhd edilən xeyli sayda mobil telefon və onların aksesuarları aşkar edilərək götürülüb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Belə ki, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Mahir Hüseynovun idarə etdiyi "Mersedes-Benz 290 D" markalı minik avtomobilinə "Sınıq-Körpü" gömrük postunda gömrük nəzarəti həyata keçirilən zaman həmin avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 91 ədəd Çin istehsalı olan mobil telefon və onlara aid 220 ədəd aksesuar aşkar edilib.
Eyni gündə Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Faiq Əliyevin idarə etdiyi "Mersedes-Benz 190" markalı minik avtomobilinə "Sınıq-Körpü" gömrük postunda gömrük nəzarəti həyata keçirilən zaman isə həmin avtomobilin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən, eləcə də avtomobilin qabaq sağ və sol qanadlarının üzlüklərinin altından 101 ədəd Çin istehsalı olan mobil telefon və onlara aid 389 ədəd aksesuar aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.