...

MTRŞ sədri Azərbaycanda cizgi filmlərinin çəkilməsi ilə bağlı təkliflərini açıqlayıb

Cəmiyyət Materials 6 Aprel 2011 11:37 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli efir məkanında uşaqlar üçün verilişlər və cizgi filmləri ilə bağlı yaranan problemin həlli üçün təkliflərini açıqlayıb.
MTRŞ sədri Azərbaycanda cizgi filmlərinin çəkilməsi ilə bağlı təkliflərini açıqlayıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli efir məkanında uşaqlar üçün verilişlər və cizgi filmləri ilə bağlı yaranan problemin həlli üçün təkliflərini açıqlayıb.

"Uşaq verilişləri bizim ən ağrılı yerimizdir. Hazırda Azərbaycanda istər televiziya kanallarında verilişlərin hazırlanmasında, istər cizgi filmlərinin çəkilməsində çox böyük problemlər var", - Məhərrəmli bildirib.

MTRŞ sədri televiziyalardakı uşaq verilişlərinin keyfiyyətinin çox aşağı olduğunu bildirərək, azərbaycanlı uşaqların daha çox xarici cizgi filmləri əsasında tərbiyə aldığını deyib.

Məhərrəmli qeyd edib ki, Azərbaycanda televiziya kanalları yerli cizgi filmlərinin yoxluğundan şikayət edirlər, amma onlar özləri də müəyyən iş görməlidirlər. "Azərbaycanda mövcud televiziya kanallarının hərəsi ildə bir cizgi filmi çəksəydi, bu məsələnin həllinə çox böyük kömək etmiş olardı", - Məhərrəmli Trend-ə bildirib.

MTRŞ sədri deyib ki, Mədəniyyət və Turizm Nazirliyi də bu sahədə öz üzərinə düşən işi görməlidir. "Kino çəkilişi çox böyük vəsait tələb edir, lakin 50-60 min manata Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası əsasında cizgi filmi çəkilə bilər", - Məhərrəmli qeyd edib.

O həmçinin 2-3 milyon manat məbləğində birdəfəlik yardım ayırmaqla Azərbaycanda 50-yə qədər cizgi filminin çəkilməsi təşəbbüsünü də irəli sürdüyünü bildirib.

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ayrıca uşaq kanalının açılmasının müşkül məsələ olduğunu hesab edən Məhərrəmli ölkədə mövcud sahəvi kanalda efir vaxtının çox böyük çətinliklə doldurulduğunu qeyd edib. "Hesab edirəm ki, Azərbaycanda televiziya kanalları kifayət qədər çoxdur və geniş efir vaxtı ayırmaqla onlar bu məsələni öz üzərinə götürməlidirlər", - Məhərrəmli qeyd edib.

6 aprel Ümumdünya Cizgi Filmləri Günüdür.

Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziya kanalı var.

Xəbər lenti

Xəbər lenti