...

Azərbaycanın QHT-ləri Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar

Cəmiyyət Materials 14 Aprel 2011 12:08 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Qadın və Uşaq Problemlərinin Araşdırılması", "Xocalı Soyqırımını Tanıtma", beynəlxalq "Təkamül və İnteqrasiya" və "Üçüncü Sektor" ictimai birliklərinin birgə təşkilatçılığı ilə cümə axşamı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsinin 40-cı günü ərəfəsində anım tədbiri keçirilib.
Azərbaycanın QHT-ləri Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Qadın və Uşaq Problemlərinin Araşdırılması", "Xocalı Soyqırımını Tanıtma", beynəlxalq "Təkamül və İnteqrasiya" və "Üçüncü Sektor" ictimai birliklərinin birgə təşkilatçılığı ilə cümə axşamı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsinin 40-cı günü ərəfəsində anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov giriş nitqi ilə çıxış edərək Bədəlovun amansızlıqla qətlə yetirilməsi, Ermənistanın Bədəlovun simasında uşaqlara qarşı amansız qətliamlar törətməsi barədə danışıb. O deyib ki, 8 Mart Beynəlxalq Qadınlar bayramı günündə anası Şirinnaz Bədəlovaya övladının cansız bədənini hədiyyə edən ermənilər beynəlxalq bayramı beynəlxalq qətliama çevirdilər.

Qədirov çıxışında Xocalıda və digər işğal olunmuş rayonlarda uşaq, qoca, qadınlara qarşı törədilən vəhşiliklərin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Bədəlovun təhsil aldığı Aşağı Qərvənd kənd orta məktəbinə onun adının verilməsi təklifi ilə aidiyyəti qurumlara müraciət ediləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, "Qadın və Uşaq Problemlərinin Araşdırılması" İB-nin sədri Kəmalə Əliyeva və digər natiqlər Bədəlovun ölümünün müharibə qanunlarına, insanlığa sığmayan bəşəri cinayət olduğunu qeyd ediblər.

Bədəlovun anası Şirinnaz Bədəlova çıxışında Farizə atılan güllənin tək onun övladına yox, bütün Azərbaycan uşaqlarına atıldığını deyib. O, dünya analarına müraciət edərək onları 8 mart günü onun həyatında baş verən bu faciəyə biganə qalmamağa, onun səsinə səs verməyə, bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmağa, erməni vandalizminə göz yummamağa çağırıb.

"Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Sabiroğlu Təhsil Nazirliyinə müraciət edərək dərsliklərə Bədəlovun ölümü ilə bağlı məlumat daxil edilməsi təklifini irəli sürüb.

Tədbirin sonunda qeyri-hökumət təşkilatlarının dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatı qəbul edilib. Bəyanatda bu qətliam pislənir, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə uşaqları hədəfə almasının insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara zidd olduğu xatırladılır.

Bəyanatı imzalayan təşkilatlar BMT, ATƏT, AŞ-dən bu qətliama obyektiv münasibət bildirmələrini tələb edir.

Xəbər lenti

Xəbər lenti