...

Bakı polisi və Prokurorluğu mitinqə cəhdlə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 17 Aprel 2011 19:36 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu müxalifətin qanunsuz aksiya keçirmək cəhdi ilə bağlı rəsmi məlumat yayıb.
Bakı polisi və Prokurorluğu mitinqə cəhdlə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu müxalifətin qanunsuz aksiya keçirmək cəhdi ilə bağlı rəsmi məlumat yayıb.

Trend-in məlumatına görə, Bakı şəhər Baş Polis idarəsinin və Prokurorluğunun birgə məlumatında deyilir ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar aprelin 17-də Nəriman Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Bu barədə Bakı şəhər polisi və prokurorluğunda müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub.

Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunub. Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın "Sahil bağı" adlanan ərazisində toplaşmağa cəhd göstəriblər. Polis orqanları tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq bu tələb yerinə yetirilməyib.

Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 40 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 25 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Xəbər lenti

Xəbər lenti