Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın cəzaçəkmə müəssisələrində şəkərli diabetdən əziyyət çəkən beş yüzə yaxın məhkum var. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.
Quliyev bildirib ki, bu məhkumlar xüsusi nəzarətdə saxlanılacaqlar və mayın 1-dən həmin məhkumlar xüsusi yeməklərlə təmin olunacaqlar.
Onun sözlərinə görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən məhkumların olduğu müəssisələrdə bunun üçün tam hazırlıq işləri artıq yekunlaşıb. Mayın 1-dən yeməkxanalarda xüsusi yerlər ayrılacaq və həmin məhkumlara xüsusi yeməklər veriləcək.
Bir sıra beynəlxalq təşkilatlar Penitensiar Xidmətə şəkərli diabet xəstəliyi olan məhkum və təqsirləndirilən şəxslərin müvafiq normalara uyğun qidalandırılmaları barədə tövsiyələr verib.