...

Azərbaycanda nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək

Cəmiyyət Materials 26 Aprel 2011 14:02 (UTC +04:00)
Azərbaycanda Cəzaların İcrası Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək.
Azərbaycanda nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Cəzaların İcrası Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çərşənbə axşamı keçirilən iclasında Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Komitənin sədri Əli Hüseynli deyib ki, əlavə və dəyişikliklər qəbul olunduqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda - Azərbaycan ərazisində keçirməyə icazə veriləcək.

Digər bir dəyişikliyə görə, ümumi rejimli cəzaçəkmə müəssisələrindən köçürülmüş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanacaqlar.

Mövcud qanunvericilikdə isə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində ümumi rejimli cəzaçəkmə müəssisələrindən köçürülmüş şəxslərlə birgə cəza çəkirlər.

Məcəlləyə əlavə və dəyişikliklər Milli Məclisin iclasında müzakirə edilmək üçün tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti