...

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə ixtisaslar üzrə qəbul planının elan edilməməsinin səbəbləri açıqlanıb

Cəmiyyət Materials 28 Aprel 2011 14:58 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hökumətdən 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin ixtisasları üzrə qəbul planını gözləyir.
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə ixtisaslar üzrə qəbul planının elan edilməməsinin səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hökumətdən 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə ixtisaslar üzrə qəbul planını gözləyir. Bu barədə Trend-ə TQDK sədri Məleykə Abbaszadə deyib.

"Təəssüf ki, hazırda TQDK-ya nə dövlət tərəfindən maliyyələşdirilən ixtisaslar üzrə dövlət sifarişi, nə də təhsilin ödənişli formaları üzrə proqnzolar təqdim edilib", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar TQDK həm yeni yerləri, həm də dövlət sifarişinin planını açıqlaya bilmir, bu isə abituriyentlər üçün müəyyən çətinliklər yaradır.

"Azərbaycan Prezidentinin 10 fevral 2010-cu il tarixli fərmanına əsasən, ali təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi tətbiq edilib. Fərmana əsasən, 2011/2012-ci tədris ili üçün dövlət sifarişi və hökumətin proqnozları bizə 2010-cu ilin avqustuna, yəni növbəti tədris ili başlanana qədər təqdim edilməli idi", - Abbaszadə qeyd edib.

Onun sözlərinə görə, abituriyentlərin ali məktəbi bitirdikdən sonra nə ilə məşğul olacaqları, əmək bazarında onların yerinin harada olması orta məktəb məzunlarında sual doğura bilər.

"Dövlət Komissiyası "Abituriyent" jurnalının xüsusi əlavəsini buraxıb. Orada bütün ixtisaslar, gələcək tələbəyə hansı fənlərin tədris ediləcəyi, təhsil aldıqdan sonra onun hansı sahədə işləyə biləcəyi haqqında məlumat verilir", - Abbaszadə vurğulayıb.

Onun sözlərinə görə, bu, ixtisas seçərkən öz qərarını düzgün vermək üçün həm abituriyentlər, həm də onların valideynləri üçün faydalı resursdur.

Xəbər lenti

Xəbər lenti