...

"2-ci Bakı Ürək Günləri"ndə 25 ölkədən nümayəndə iştirak edəcək

Cəmiyyət Materials 28 Aprel 2011 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 13-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresini təşkil edir.

3 gün davam edəcək konqres "Gülüstan" sarayında keçiriləcək. Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Konqres çərçivəsində kariologiya və kardiocərrahiyyədə tətbiq edilən dərman preparatlarının və avadanlıqların sərgisi də keçiriləcək.

AÜDCC 2009-cu il mayın 9-11-də "1-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə böyük uğurla həyata keçirib. Bu il keçiriləcək "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresində isə 25-dən artıq ölkənin kardioloq və kardio-cərrahları iştirak edəcək.

Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az saytında elektron qeydiyyatı, eyni zamanda məqalə və tezislərin elektron qəbulu həyata keçirilib. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq. Bu isə "Bakı Ürək Günləri"nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.

Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqramla xüsusilə də əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti