...

Azərbaycan yol polisi avtomobillərin texniki baxışdan keçirilməsi zamanı yaranan sıxlıqla bağlı məsələyə münasibətini açıqlayıb

Cəmiyyət Materials 29 Aprel 2011 15:07 (UTC +04:00)
Azərbaycanın yol polisi avtomobillərin texniki baxışdan keçirilməsi zamanı yaranan sıxlığın və vaxt itikisinin səbəbini sürücülərdə görür.
Azərbaycan yol polisi avtomobillərin texniki baxışdan keçirilməsi zamanı yaranan sıxlıqla bağlı məsələyə münasibətini açıqlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın yol polisi avtomobillərin texniki baxışdan keçirilməsi zamanı yaranan sıxlığın və vaxt itikisinin səbəbini sürücülərdə görür.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, sürücülər avtomobillərini texniki baxışdan göstərilən müddətdə keçirmədiyindən texniki baxış məntəqələrində növbə yaranır.

"Hazırda texniki baxış məntəqələrində sıxlıq müşahidə olunur. VAZ markalı avtomobillər yanvar ayının 1-dən mayın 1-dək texniki baxışdan keçməlidirlər. Avtomobil sahibləri indiyədək texniki baxış üçün müraciət etməyiblər. Onlara verilən müddət başa çatmaq üzrə olduğundan, ayın son günləri müraciət edənlərin sayı artıb", - Əliyev vurğulayıb.

İdarə sözçüsü qeyd edib ki, bu səbəbdən texniki baxış məntəqəsində olan bank filialında ödəmələr zamanı sıxlıq yaranır və bu da əlavə vaxt itkisinə səbəb olur.

Əliyev sürücülərə yol vergisini və texniki baxış üçün tələb olunan dövlət rüsumunu paytaxt ərazisindəki banklarda, ödəmə məntəqələrində ödəməyi və bu barədə qəbzi yol polisinə təqdim etməyi məsləhət görür.

Məlumat üçün qeyd edək ki, mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm-ə görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur. Bu məbləğ 22 manatdan 400 manatadək təşkil edir. Əlavə olaraq, avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə nəqliyyаt vаsitəsini teхniki bахışdаn keçirməməyə görə, fiziki şəхslər 30, vəzifəli şəхslər 40 mаnаtdаn 70 mаnаtаdək miqdаrdа cərimə edilirlər.

Rusiya və Qığızıstanda avtomobillərin texniki baxışdan keçirilməsinin Daxili İşlər Nazirliyinin səlahiyyətindən alınıb digər qurumlara verilməsi ilə bağlı məsələyə münasibət bildirən Əliyev bunu Azərbaycan üçün mümkün hesab etmir.

Onun fikrincə, hazırda bu proses polisin nəzarəti altında keçirildiyi halda, sürücülərin 30 faizi yol vergisini ödəməkdən yayınırlar.

"Bu səlahiyyətlər başqa qurumlara verilərsə, yol vergisinin yığılması, qaçırılan, oğurlanan avtomobillərin müəyyən edilməsi necə həyata keçiriləcək? Texniki baxış zamanı qaçırılan, oğurlanan avtomobilləri müəyyən edirik, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması ilə bağlı məhkəmə qərarlarını icra edirik. Bunun nəticəsidir ki, oğurlanan, qaçırılan avtomobillər ən az Azərbaycandadır", - Əliyev deyib.

Rusiya Prezidenti Dmitri Medvedev avtomobillərin texniki baxışdan keçirilməsi prosedurunun ləğvini mümkün sayır.

Onun fikrincə, bu sistem ya tamamilə ləğv olunmalı, ya da bu sahədə vətəndaşların üzləşdiyi problemlərin həlli məqsədilə yeni mexanizm yaradılmalı, texniki baxışla bağlı səlahiyyət DİN-dən alınmalıdır.

Qırğızıstanda da bu sistemin ləğv olunması, texniki baxışla bağlı yeni mexanizmin yaradılması məqsədilə müzakirələrə başlanıb.

Xəbər lenti

Xəbər lenti