...

Çexiyada mini-futbol üzrə Heydər Əliyev adına Beynəlxalq gənclər kuboku turniri keçirilir (FOTO)

Cəmiyyət Materials 2 May 2011 12:02 (UTC +04:00)
Çexiyanın paytaxtı Praqada mini-futbol üzrə Heydər Əliyev adına Beynəlxalq gənclər kuboku turniri keçirilir.
Çexiyada mini-futbol üzrə Heydər Əliyev adına Beynəlxalq gənclər kuboku turniri keçirilir (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Çexiyanın paytaxtı Praqada mini-futbol üzrə Heydər Əliyev adına Beynəlxalq gənclər kuboku turniri keçirilir. Trend-in məlumatına görə, bu barədə Cexiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatının məlumatında deyilir.

Turnirdə dünyanın 12 ölkəsinin - Çexiya, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, İordaniya, Honduras, Fələstin, Nigeriya, Sudan, Botsvana, Küveyt və Qana gənclərindən ibarət komanda mübarizə aparır.

"Biz bundan əvvəl də Çexiyada əcnəbi gənclərin komandaları arasında təkbətək futbol oyunları keçirmişik, lakin bu il bu görüşlər kubok statusu alıb. Kuboku Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə adlandırmaqla 2008-ci ildən İngiltərədə belə tədbirlər keçirən "Odlar yurdu" təşkilatının təşəbbüsünə qoşulmuşuq, habelə Azərbaycanda idmanın inkişafında Heydər Əliyevin böyük xidmətlərini vurğulamaq istəmişik", - yarışın təşkilatçısı, Cexiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatının sədri Bulu İraddim bildirib.

"Üç il bundan əvvəl İngiltərədə azərbaycanlı tələbələr mayın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir təşkil etdilər. Çəkinmədən deyə bilərəm ki, bu gün həmin turnir İngiltərədə xarici gənclər arasında xüsusi çəkiyə malikdir və ona görə də belə qərara gəldik ki, turniri panavropa yarışı etməyin vaxtı çatıb", - yarışın sponsoru "Odlar Yurdu" təşkilatının sədri İlham Nağıyev bildirib.

Turnirdə komandalar iki qrupda mübarizə aparırlar. Yarışın ilk günündə A qrupunda yer alan komandalar qarşılaşıblar: Azərbaycan və Çexiya, Rusiya və Səudiyyə Ərəbistanı, Fələstin və İordaniya.

Azərbaycan və Çexiya komandaları arasında inadlı mübarizə gedib və matç azərbaycanlıların 5:3 hesablı qələbəsi ilə başa çatıb. Səudiyyə Ərəbistanı Rusiyaya 18:2 hesabı ilə uduzub, İordaniya Fələstinə 6:2 hesabı ilə qalib gəlib.

Final oyunu və turnirin qaliblərinin mükafatlandırılması mayın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti